“Qafqaz Albaniyasının əhalisi” (VİDEO, KULTURAPLUS)


 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Qafqaz Albaniyasının intibahı” layihəsi çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyində “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun və Muzeyin “Gənc Muzeyşünaslar və Muzeysevərlər” Klubunun üzvlərinə Azərbaycan Dövlət İqtisad Universitetinin Humanitar fənlər kafedrasının professoru, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə elmlər doktoru Məhəbbət Paşayevanın “Qafqaz Albaniyasının əhalisi” mövzusunda mühazirəsi təşkil olunub. 

Bilik Fondu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Qafqaz Albaniyası mövzusunun öyrənilməsinin əhəmiyyətindən bəhs edib, tələbələri tariximizi diqqətlə öyrənməyə, mənbələrə qarşı həssas yanaşmağa çağırıb. 
Professor M.Paşayeva mühazirəsində bildirib ki, qədim dövrlərdən müxtəlif mədəniyyətlərin qaynayıb-qarışdığı bir ərazi olmuş Azərbaycan rəngarəng etnik tərkibə malik bir ölkədir. Azərbaycan etnomədəni mühitində formalaşan və Azərbaycan xalqının etnososial birliyinə daxil olan Azərbaycan etnosları bu ərazidəki təşəkkülü mərhələsində uzun bir tarixi yol keçib və bu etnosların hər biri müasir Azərbaycan xalqının etnik təşəkkülündə özünəməxsus rol oynayıb. Nəticədə Azərbaycan ərazisində minilliklər boyu formalaşan və azərbaycanlıların mənəvi irsini təşkil edən spesifik, rəngarəng, ənənəvi mədəniyyət yaranıb. 
Qafqazın və bütövlükdə Yaxın Şərqin tarixində mühüm rol oynamış Qafqaz Albaniyası Azərbaycanın qədim dövlətlərindən biri olub. Qafqaz Albaniyası dövrü Azərbaycan etno-mədəni irsinin ən zəngin mərhələlərindən birini təşkil edir. Albanların varisləri olaraq azərbaycanlılar 1000 illik Alban dövlətinin zəngin maddi və mənəvi irsinin mirasçılarıdır. Alban mədəniyyəti və etnosu tarixi zaman çərçivəsində müəyyən transformasiyaya uğrasa da, azərbaycanlıların etnik ənənələrində bu günədək öz canlılığını qoruya bilib.
Mühazirədə Albaniyanın etnik mənzərəsi, mövcud tarixi mənbələr, həmçinin etnoqrafik materiallar əsasında Qafqaz Albaniyasındakı tayfaların yerləşdiyi ərazilər, alban tayfalarının Qafqaz Albaniyasının süqutundan sonrakı aqibəti, XIX əsrdə Alban kilsəsinin ləğvindən sonra son albanların etnik kimliyinin məhv edilməsi prosesləri, etnik və ideoloji assimilyasiyasının nəticələri haqda ətraflı məlumat verilib.
Tədbirdə iştirak edən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin müdiri, müxbir üzv İlyas Babayev də albanlar haqqında dəyərli məlumatlar verib, tələbələrin suallarını cavablandırıb. 
Sonda Bilik Fondunun əməkdaşı Elnarə Əliyeva Muzey rəhbərliyinə və tarixçi alimlərə öz təşəkkürünü bildirib və tələbələri yaradılan şəraitdən dəyərincə istifadə etməyə səsləyib.

Tədbirdən sonra tələbələr Muzeylə də yaxından tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 16.06.2017

Son xəbərlər