Bilik Fondu sağlam həyat tərzini təbliğ edir


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu əhalinin sosial sifarişlər əsasında maarifləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirir. İdeoloji, iqtisadi, mədəni, hüquqi və tibbi maarifləndirmə ilə bağlı tədbirlər ölkənin nüfuzlu elm bə təhsil müəssisələri, dövlət qurumları və ictimai təşkilatlar, şəhər və rayonların icra hakimiyyəti orqanları ilə birgə təşkil olunur.

Əhalinin tibbi maarifləndirilməsi, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərə qarşı mübarizə Bilik Fondunun fəaliyyətində xüsusilə əhəmiyyətlidir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı tədbirlərdən biri də Fondun və Suraxanı Rayon İcra Hakimiyyyətinin birgə təşkilatçılığı ilə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki 104 nömrəli tam orta məktəbdə keçirilib.

Tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rəşid Məmmədov narkomaniyaya qarşı mübarizə ilə bağlı mövzunun aktuallığını qeyd edib, Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı təmsil etdiyi qurumun gənclərə sağlam həyat tərzinin aşılanması istiqamətində həyata keçirdiyi maarifləndirici layihələrindən söz açıb.

"Narkomaniya gənclərin bəlasıdır" mövzusunda mühazirə ilə çıxış edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova narkomaniyanın insan sağlamlığına vurduğu sağalmaz yaralardan, onun ictimai-sosial bəla kimi cəmiyyət üçün ciddi təhlükə yaratmasından danışıb, zərərli vərdişlərin qarşısının alınmasında bədii mütaliə və idmanın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, gəncləri kitab oxumağa, elmi biliklərə yiyələnməyə və sağlam həyat tərzi keçirməyə səsləyib. Bildirilib ki, narkomaniyanın törətdiyi problemlərin aradan qaldırılmasında, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq durmasında ailə, məktəb və ictimaiyyətin bigə səyləri maarifləndirmə işi düzgün təşkil edildiyi halda müsbət nəticə verə bilər.

İnteraktiv şəraitdə keçən tədbirdə Bilik Fondunun mühazirəçisi iştirakçıları maraqlandıran sualları əhatəli və dolğun şəkildə cavablandırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru

 

 
Tarix: 07.07.2017

Son xəbərlər