Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı fəaliyyətdədir


“Turana qılıncdan daha kəskn, ulu qüvvət Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət” – deyib ustad Hüseyn Cavid. Hər bir millətin milli kimliyi onun mədəniyyəti ilə təşəkkül tapır.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yarandığı gündən Azərbaycan tarixinin və mədəniyyətinin, azərbaycançılıq məfkurəsinin, milli-mənəvi və dini dəyərlərin təbliğinə yönəlmiş tədbirlər təşkil edir, maarifləndirici layihələr həyata keçirir. Bir çox layihələr cəmiyyətin aktual məsələlərindən biri kimi, xalqımızın mədəniyyəti, milli-mənəvi və dini dəyərləri, mənəvi-kulturoloji məsələlər barəsində əhalinin, xüsusilə də gənclərin ciddi, mütəmadi və əhatəli maarifləndirilməsinə yönəlib. Bu tədbirlər gənclərin mənəvi və intellektual inkişafında çox mühüm rol oynayır.
 
Fondun “Mədəni maarifləndirmə” Proqramının əsas məqsədi elmi-texniki nailiyyətlərin insan həyatına sürətlə daxil olduğu, qloballaşma meyllərinin geniş vüsət aldığı müasir dövrdə Azərbaycan cəmiyyətində kulturoloji biliklərin artırılması, ölkədə və xaricdə Azərbaycan mədəniyyətinin təbliği, mədəniyyət tariximiz barədə maarifləndirici tədbirlərin həyata keçirilməsi, dəyərlərimizin qorunub saxlanmasına yeni, müasir, sivil münasibətin formalaşmasıdır.
 
Proqram çərçivəsində respublikanın ümumtəhsil, orta-ixtisas və ali məktəblərində, sənaye müəssisələrində, elm ocaqlarında, kənd təsərrüfatı, nəqliyyat, səhiyyə, idman və digər sosial təyinatlı idarə və təşkilatlarda ardıcıl olaraq görkəmli kulturoloqların, sənətşünas alim və mütəxəssislərin, mədəniyyət və incəsənət xadimlərinin mühazirə və təlimləri təşkil edilir. Bədii qiraətin təbliğinə yönəlmiş layihə çərçivəsində Bilik Fondunun əməkdaşları və könüllüləri Bakı şəhərində fəaliyyət göstərən bir sıra təşkilat və müəssisələrdə - mağaza və ticarət mərkəzlərində, satış məntəqələri və bazarlarda, avtovağzal və yanacaqdoldurma məntəqələrində, “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində bölgə məktəblilərinin qonaq olduqları evlərdə klassik Azərbaycan və dünya ədəbiyyatı nümunələrini, gənc yazarların əsərlərini, elmi-kütləvi nəşrləri paylayıb, ailələrin ev kitabxanası zənginləşdiriblər. Əhalidən yığılmış, nəşriyyatlar və mağazalardan əldə edilmiş kitablar Qocalar evinə, Uşaq evlərinə və internat-məktəblərə hədiyyə edilib.
 
Fondun “İmzalı görüş” layihəsi əsasında M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında yazıçı-publisist Aqil Abbasla, həmin ktabxanda və Şəmkir Bilik Evində yazıçı Rəşad Məcidlə, SOS Uşaq Kəndində uşaq yazarı Mehriban Nağıyeva ilə, Bilik Fondunda yazıçı- şair Səlim Babullaoğlu, Hikmət Babaoğlu və Xalq şairi, AYB sədri Anarla, Pirşağı qəsəbəsində yerləşən Xocalı şəhər 2 nömrəli tam orta məktəbdə Meriban Nağıyeva ilə, Nizami rayonu 1 nömrəli Uşaq Evində uşaq yazarı Sevinc Nuruqızı ilə, Bakı şəhəri Buzovna qəsəbəsi Quşçu kənd tam orta məktəbində yazıçı Şərif Ağayarla görüşlər təşkil edilib, gənclərə yazarın kitabları hədiyyə olunub.
Fondda təşkil olunmuş kitab təqdimatları gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusilə əhəmiyyətlidir. Tanınmış jurnalist Aida Eyvazlının aprel şəhidlərinə həsr olunmuş “Qalibiyyət – şahidlər və şəhidlər” kitabının I cildinin, AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin müdiri Yaqut Bahadurqızının aprel şəhidi, Mİ-24 hərbi helikopterinin ekipaj üzvü, baş leytenant Əbu Bəkr İsmayılovun xatirəsinə həsr olunmuş “Hay ver mənə, cənab leytenant” kitabının təqdimatları xüsusilə yaddaqalan olub.
 
Ali məktəb tələbələrinin Bilik Fondunda keçirilmiş istehsalat təcrübəsi dövründə tələbələr Azərbaycan xalq nağıllarını ingilis dilinə tərcümə ediblər. Fond tərəfindən nəşr edilmiş “Nağıllar” toplusunun tərcüməçi tələbənin təhsilini başa vurduqdan sonra xidmət etdiyi hərbi hissədə əsgər dostları və valideynlərinin iştirakı ilə təqdimatı keçirilib.
 
Bilik Fondu “Mədəni maarifləndirmə” proqramı çərçivəsində kitabın təbliği ilə bağlı müxtəlif səpgili tədbirlərə imza atır. AMEA-nın Mərkəzi Elmi Kitabxanası ilə birgə bir sıra məktəblərə, hərbi hissələrə, məscidlərə kitablar hədiyyə edilib. Bir sıra orta məktəblərin, SOS Uşaq Kəndinin, Bilgəh qəsəbəsindəki Müharibə və Əmək Veteranları Pansionatının, Ramanada yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin kitabxanaları Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının təqdim etdiyi nağıllardan, klassik xarici və milli ədəbiyyat nümunələrindən ibarət kitablarla zənginləşib.
“Mədəni maarifləndimə” proqramı çərçivəsində Bilik Fondu tərəfindən həyata keçirilən tədbirlərdən biri milli filmlərin təqdimatıdır.
 
Milli filmlərimizi yeniyetmə və gənclərə, eləcə də ölkəmizdə təhsil alan əcnəbi vətəndaşlara nümayiş etdirmək həm ədəbiyyatımızın və incəsənətimizin təbliğidir, həm də gənclərdə milli mədəniyyətə, incəsənətə meyl yaratmaq məqsədi daşıyır. Can Dündarın Nazim Hikmət haqqında çəkdiyi sənədli filmin nümayişindən başlayaraq, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında çəkilmiş "Axınla aşağı", “Dərs”, “Yarımçıq xatirələr” bədii, “Sarılar – Qarabağ atının izi ilə” sənədli filmlərin, Fondun “Tariximizi öyrənək və öyrədək” klubu üzvlərinin iştirakı ilə “Carçıfilm” kinostudiyasının istehsalı olan “Erməni xisləti - 24 aprel” sənədli televiziya filminin nümayişləri və müzakirələri böyük maraqla qarşılanıb.
 
Fondun dəstəyi ilə tanınmış mədəniyyət xadimləri və ədiblərin kitablarının, yeni sənədli və bədii filmlərin təqdimatları, sərgilər, rəsm və foto-müsabiqələri keçirilir, bölgələrdə fəaliyyət göstərən Bilik evlərində, orta məktəb və ali təhsil müəssisələrində, əmək kollektivlərində mütəxəssislər, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, dəyirmi masalar, diskussiya və debatlar təşkil olunur. Azərbaycanın bütün bölgələrini əhatə etməklə keçirilmiş “Vətənin pərvəri ol!” adlı iki yaradıcılıq müsabiqəsinə ümumilikdə 1000-dək əsər (300-dən çox şeir, esse və hekayə, 500-dən çox rəsm əsəri, 200-dək əl işi və foto) təqdim olunmuşdur. Müsabiqələrin yekunu olaraq, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında ədəbi yaradıcılıq, rəsm, foto və əl işlərindən ibarət sərgilər təşkil edilib.
Bilik Fondu intellektual müsabiqələr və bilik yarışmaları ilə yanaşı, mütəmadi olaraq məktəblilər və gənclər arasında şeir, inşa və əl işləri müsabiqələri və sərgilər keçirir. “Qönçələrin çiçək dünyası”, “Kitabi-Dədə Qorqud məktəblilərin gözü ilə”, “Mənə bir nağıl danış, sənə bir rəsm çəkim” adlı sərgi-müsabiqələrimiz istedadlı uşaq və gənclərin üzə çıxarılmasına, onların rəğbətləndirilməsinə xidmət göstərir.
 
Ali və orta məktəblərdə təhsil alan gənclərdə dünya və Azərbaycan mədəniyyətinə marağın artırılması məqsədilə dram dərnəklərinin yaradılması da Fondun mədəni maarifləndirmə sahəsində gördüyü işlər sırasındadır.
 
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Pedaqoji Kollecdə “Mizan” adlı tələbə dram dərnəyi fəaliyyətə başlayıb. Dərnəyə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar artist Məmməd Səfa rəhbərlik edir. Onun quruluşunda tələbə-aktyorlar qısa müddət ərzində Ə.B.Haqverdiyevin “Yeyəsən qaz ətini, görəsən ləzzətini” əsərini tamaşaya hazırladılar və böyük uğurla ilk nümayişini keçirdilər.
 
Pedaqoji Kollecdə dərnək üzvlərinin iştirakı ilə “Dolu” bədii filminin nümayişi və yaradıcı kollektivlə görüşün Fond tərəfindən təşkili tələbələrin ürəyincə oldu. Filmin qəhrəmanları ilə canlı ünsiyyətdə olmaları, açıq fikir mübadiləsi aparmaları onlara olduqca böyük stimul verdi, aktyor sənətinin sirlərini öyrənməyə daha da həvəsləndirdi.
 
Bu gün Bilik Fondunun Oğuz və Astara Bilik evlərində “Ədəbi yaradıcılıq” üzrə təlim kursları fəaliyyət göstərir, yerli gənclər bədii söz sənətinə qovuşurlar.
Fond mütəmadi olaraq muzey və sərgilərə, film nümayişləri və teatr tamaşalarına əməkdaşlıq etdiyi orta məktəblərin, qaçqın və məcburi köçkün məktəblərin şagirdlərini, fiziki qüsurlu uşaqları, Rus Pravoslav kilsəsində və Azərbaycan Xalqlarının Həmrəyliyi İctimai Birliyində (“Sodrujestvo”) Azərbaycan dili üzrə təşkil etdiyi təlim kurslarının dinləyicilərini dəvət edir.
 
SOS Uşaq Kəndinin sakinləri olan məktəbliləri Dövlət Pantomim Teatrının “Fəlakət” tamaşasına aparmışıq. Tamaşada fövqəladə vəziyyətlərdə uşaqların necə hərəkət etməli olduqları sənətin dili ilə məktəblilərə izah edilib.
 
Şuşa Musiqili Dram Teatrının “Vətən dərsi” tamaşasının bir-neçə orta məktəbdə nümayişinə nail olmuşuq. Tamaşa uşaqların vətənpərvərlik ruhunda tərbiyə olunmasına yardım edir.
 
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin buraxılış kurs tələbələrinin hazırladıqları “Ölülər” tamaşası Fond tərəfindən orta məktəblərin yuxarı sinif şagirdlərinə təqdim edilib. Könüllülərimiz olan tələbələrin xahişi ilə ADMİU-nin dosenti, aktyor Məmməd Səfanın tələbələrinin diplom işi olan bu tamaşa Azərbaycan Dövlət Pedaqoji Universitetində Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksində oynanılıb.
 
Milli Dram Teatrının, Gənc Tamaşaçılar, Şuşa Musiqili Dram, Kukla teatrlarına belə “ziyarətlər” çox olub və davam etməkdədir.
Cari ilin əvvəlində Bilik Fondu ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb. Hər iki qurum əhalinin mədəni maarifləndirilməsi istiqamətində birgə addımlar atır. Əməkdaşlığımızın daha məzmunlu və faydalı olacağına inanırıq.
 
Bütün bu sərgilər və müsabiqələr, teatr tamaşaları və milli filmlərin nümayişi, əhali arasında kitabın təbliği, qələm sahibləri və incəsənət adamları ilə canlı ünsiyyət maarifçilikdir ki, bu da Bilik Fondunun tutduğu yoldur. Maarifçilik missiyamızı gerçəkləşdirən bu yolda hər bir ziyalı bizə yoldaş ola bilər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun informasiya təminatı sektoru
Tarix: 13.07.2017

Son xəbərlər