Rusdilli əhaliyə Azərbaycan dili dərsləri


02.04.2015

Kursun dinləyiciləri ölkəmizdəki tolerant mühiti, multikultural dəyərləri yüksək qiymətləndirirlər
Məlum olduğu kimi, dünyada tolerantlıq nümunəsi sayılan Azərbaycanda dilindən, dinindən, irqindən asılı olmayaraq bütün vətəndaşlarımız qanunla eyni hüquqlara malikdirlər. Eyni zamanda, ölkəmizdə fərqli millətlərin nümayəndələri arasında mütəmadi olaraq mədəni inteqrasiya prosesi gedir. 
Bu mənada son dövrlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun həyata keçirdiyi tədbirləri xüsusi olaraq vurğulamaq lazımdır. Bilik Fondunun ölkəmizdə yaşayan rusdilli vətəndaşlar üçün təşkil etdiyi Azərbaycan dili kurslarını da ölkəmizdəki tolerantlıq mühitinin mühüm elementlərindən biri saymaq olar. “Azərbaycan dilini öyrənirik” adlı layihə ilə bağlı məlumat verən Bilik Fondunun əməkdaşı, layihənin koordinatoru İslam İslamzadə bildirib ki, ölkəmizdə yaşayan rusdilli əhali üçün Azərbaycan dili kurslarının təşkili ilə bağlı mühüm addımlar atılıb. İlk olaraq məsələ ilə bağlı Fond rəhbərliyinin Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr ata ilə görüşdüyünü qeyd edən İ.İslamzadə deyib ki, bu ideya arxiyepiskop tərəfindən də dəstəklənib: “Bizimlə görüşündə arxiyepiskop Aleksandr ölkəmizdə mövcud olan tolerant mühiti dünya üçün bir nümunə adlandırdı. O, ölkəmizdə yaşayan ruslara göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz təşəkkürünü bildirdi. Kursumuz barədə kilsələrdə elanlar verdik və bununla bağlı 200-ə qədər zəng olundu. Hazırda 6 qrup fəaliyyət göstərir. Bu günə qədər ümumi 35 dərs keçirilib. Hələlik 60 nəfərə yaxın insan kurslara cəlb olunub. Arxangel Mixail kilsəsi nəzdində fəaliyyət göstərən kurslar yaxın zamanda digər kilsələrdə də tədris ediləcək. Ən əsası biz bu kurslarda tək Azərbaycan dilinin tədrisi ilə kifayətlənmirik, kurs iştirakçılarını milli teatrlarımızın tamaşalarına aparırıq, ekskursiyalar təşkil edirik. Ən yaşlı dinləyicimizin 83, ən gənc dinləyicimizin isə 18 yaşı var. Yəni, hansısa yaş məhdudiyyəti qoyulmur. Kursları bitirən şəxslərə sertifikatlar da təqdim ediləcək. Hazırda 3 müəllim Azərbaycan dilinin tədrisi ilə məşğul olur. Müəllimlər də müəyyən imtahanlar əsasında seçilib”.
İ.İslamzadə yaxın zamanlarda digər millətlər üçün də analoji kursların təşkili ilə bağlı layhələrin həyata keçirilə biləcəyini deyib. Bildirilib ki, bu cür kurslar mültikultural dəyərlərin yayılmasında, xalqımızın bu dəyərlərə verdiyi qiymətin daha geniş təbliğində mühüm rol oynayır.
Kurs dinləyiciləri Azərbaycan dilini həvəslə mənimsəyirlər
Qonağı olduğumuz Azərbaycan dili kursunda dinləyicilərin bu işə necə böyük həvəslə yanaşdığının şəxsən şahidi olduq. Əsrarəngiz, gözəl Azərbaycan dilinin incəlikləri haqda məlumat verən kursun müəllimi, Bakı şəhər 189-190 saylı orta məktəbin Azərbaycan dili, Ədəbiyyat fənn müəlliməsi Təranə Rzayeva da “şagirdlərindən” razı görünüdü. Ən xırda incəlikləri belə izah etməyə çalışan T.Rzayeva həyata keçirilən layihənin olduqca böyük mənəvi əhəmiyyət daşıdığını deyib. T.Rzayeva kurslara gələn insanların əsasən orta yaş həddində olduğunu bildirib. O, daha gənc yaşda olan rusların bu kurslara gəlməsi arzusunu da dilə gətirib.
Dərs müddətində həm Azərbaycan dilində olan sözlərin lüğəti tərtib edilir, həm də dilimizin qrammatik əsasları tədris olunur. Dinləyicilərin Azərbaycan dilini tez qavraması üçün isə əyani vəsaitlərdən də istifadə edilir. Fond əməkdaşları öz növbəsində, tez-tez dinləyiciləri ziyarət edir, onların təkliflərini dinləyirlər. Fondun mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu gələcəkdə layihə iştirakçılarının, hətta regionlarımızda yerləşən mədəni abidələrimizlə tanışlığı üçün səfərlərin təşkil ediləcəyini də bildirib. Bu mənada ilk səfərin ünvanı belə müəyyənləşdirilib - Quba məzarlığı Memorial Kompleksi...
Azərbaycan bütün dinlərdən və millətlərdən olan vətəndaşlarımızın Vətənidir!!!
Qeyd etdiyimiz kimi, kursun dinləyiciləri arasında ən çox fəallıq göstərən məhz 83 yaşlı Nina Sarandindir. Yaşının çoxluğuna baxmayaraq demək olar ki, o, bütün kurslarda iştirak edir. Artıq Azərbaycan dilində deyilən fikirləri anlayır, hətta müəyyən fikirlərini də Azərbaycan dilində ifadə etməyi bacarır. Azərbaycan vətəndaşı olmağından qürur duyduğunu söyləyən Nina Sarandin öz Vətənini çox sevir: “Azərbaycan mənim doğma vətənimdir. Belə bir kursun açılmasını eşidəndə çox sevindim və heç bir tərəddüd etmədən zəng vurub dinləyici olmaq arzumu bildirdim. Artıq hərfləri öyrənmişəm. Hətta Novruz bayramında qonşularıma Azərbaycanda dilində “bayramınız mübarək olsun” deyəndə hamısı təəccüblənmişdi. Azərbaycan gözəl ölkədir, Azərbaycan xalqı gözəl xalqdır. Hər zaman millətindən asılı olmayaraq hər kəs bir-birinə olduqca böyük qayğı ilə yanaşır”.
Kurs dinləyicisi İrina Əsgərova da Azərbaycanı öz Vətəni hesab edir. Bakı şəhərində anadan olan İ.Əsgərova paytaxtımızda yaşayıb və artıq 60 yaşındadır. Azərbaycanı və azərbaycanlıları çox sevməsinin əsasında dayanan məqam isə xalqımızın istiqanlılığı, dövlətimizin tolerantlığıdır: “Mən Ukrayna, eləcə də Rusiyada olmuşam. Amma heç bir yerdə azərbaycanlıların simalarındakı sevgini, doğmalığı görməmişəm. Yəni, ölkəmizi heç bir yerlə müqayisə etmək mümkün deyil. İllərdir ki, burada hansısa bir milli və ya dini ayrı-seçkilik yaşanmayıb, hətta bəzi anlarda mən rus olduğumu belə unutmuşam. Bu gün özümü fəxrlə azərbaycanlı sayıram”.
Digər dinləyici Svetlana Alxovskaya da pedaqoqlardan və kurslardan razılıq edir. Azərbaycan dilində başa düşdüyünü, sadəcə danışa bilməkdə çətinlik çəkdiyini söyləyən S.Alxovskaya da artıq kurslar sayəsində bu çətinliklərin öhdəsindən gəldiyini bildirir. O da Bakıda dünyada gəlib: “Nəinki ruslara, digər millətlərə qarşı da heç vaxt hansısa ayrı-seçkilikləri görməmişəm. Azərbaycan xalqı bizimlə çox qaynayıb qarışıb. Qarşılıqlı sevgi yaranıb desəm, daha doğru olar. Əminəm ki, bütün dünya Azərbaycandakı tolerant mühitini özünə nümunə seçəcək. Burada mənim dostlarım çoxdur. Hətta deyərdim ki, azərbaycanlı dostlarımı öz qohumlarından daha doğma hesab edirəm”.

Tarix: 16.04.2015

Son xəbərlər