Bilik Fondu “Heydər Əliyev və Azərbaycan dili: dövlət quruculuğu kontekstində” mövzusunda mühazirə təşkil edib


Avqustun 24-də Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun “Heydər Əliyev və Azərbaycan dili: dövlət quruculuğu kontekstində” mövzusunda mühazirəsi keçirilib.
 
Binəqədi Rayon İcra Hakimiyyətində ənənəvi olaraq keçirilən növbəti “Məlumat saatı”nda Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, rayon bələdiyyələri, rayon icra nümayəndəlikləri, rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov və əməkdaşları, rayonun orta ümumtəhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat müəllimləri, ASAN Könüllüləri və YAP Binəqədi rayon təşkilatının gənc fəalları iştirak ediblər.
 
Tədbirdə giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbirin proqramı haqqında məlumat verib. Daha sonra Bilik Fondunun aparat rəhbəri İ.Vəliyev Binəqədi RİH-də məlumat saatının Bilik Fondu ilə birgə keçirilməsinin əhəmiyyətini vurğulayıb və müxtəlif aktual mövzularda bu cür məlumat saatlarının davamlı olacağını bildirib.
 
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “Heydər Əliyev və Azərbaycan dili: dövlət quruculuğu kontekstində” mövzusunda mühazirə deyib. Natiq çıxışında bildirib ki, hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Bildirilib ki, Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın Ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olub. Ulu öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir.
 
Mühazirəçi onu da qeyd edib ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Bu gün Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirilir.
Mühazirədən sonra “Məlumat saatı” mövzu ətrafında müzakirələrlə davam edib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 24.08.2017

Son xəbərlər