Lider Televiziyasında “Ekran və efirdə ədəbi dil normaları” layihəsi üzrə təlimlər başlandı


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Milli Televiziya və Radio Şurasının dəstəyi ilə keçirilən “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində Lider Televiziyasında ilk təlim keçirilib. Təlimdə Lider televiziyasında çalışan gənc aparıcı və reportyorlar iştirak ediblər.
 
İştirakçılara layihə barədə ətraflı məlumat verən Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova bildirib ki, son zamanlar ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinq nəticələri telekanallarda ədəbi dil normalarının pozulduğunu deməyə əsas verir. Layihə çərçivəsində tanınmış dilçilərin, təcrübəli jurnalistlərin iştirakı ilə televiziya və radio şirkətlərində gənc reportyorlar, müxbir və redaktorlar üçün təlimlər, ustad dərsləri keçirilir.
 
Lider Televiziyasında layihə üzrə ilk təlimçi AMEA Dilçilik İnstitutu, Monitorinq şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Qazıyevanın “Azərbaycan teleməkanında ədəbi dil normalarının qorunması qaydaları” mövzusunda çıxışını iştirakçılar maraqla qarşılayıblar. Təlimçi Azərbaycan ədəbi dilinin norma və qaydaları haqqında iştirakçılara ətraflı məlumat verib, konkret nümunələrlə gənc reportyor və aparıcıların nitqindəki fonetik, leksik, qrammatik və üslubi qüsurları təhlil edərək, onların aradan qaldırılması yollarını göstərib.
 
İnteraktiv formada keçən təlimdə dosent N.Qazıyeva iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
 
 
Təlimlərdə AMEA-nın Dilçilik İnstitutunun mütəxəssisləri, Bakı Dövlət Universitetinin, Mədəniyyət və İncəsənət Universitetinin təcrübəli professor və müəllimləri, eləcə də praktik jurnalistlər iştirak edəcəklər.
 
İlkin olaraq Xəzər Televiziyasından başlayan layihə Gəncənin Kəpəz Televiziyasında və Lider Televiziyasında uğurla davam etdirilir. Təlimə qatılan gənc jurnalistlərə dilçilik, nitq mədəniyyəti, televiziya və radio aparıcılarının iş xüsusiyyətləri ilə bağlı nəzəri bilgilər verilir, praktik məşğələlər tətbiq olunur.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 17.10.2017

Son xəbərlər