Kollecdə "Sağlam qidalanma” mövzusunda təlim


Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə "Tibbi maarifləndirmə" proqramı çərçivəsində İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Nərmin Əliyevanın Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində "Sağlam qidalanma” mövzusunda maarifləndirici təlimi olub.
 
Bilik Fondunun Beynəlxalq layihələr sektorunun məsləhətçisi Ceyla Məmmədova tədbiri giriş sözü ilə açaraq, sağlam həyat tərzinin təbliğatı istiqamətində Fondun İSİM-lə birgə həyata keçirdiyi maarifləndirici layihələr barədə tələbələrə ətraflı məlumat verib.
 
İSİM-in həkim mütəxəssisi N.Əliyeva sağlam qidalanmanın balanslı bölünmüş zülal, karbohidrat, yağ, su, vitaminlər və minerallarla zəngin müxtəlif qida maddələrindən ibarət olduğunu deyib.
 
Mütəxəssis sağlam qidalanma ilə yanaşı, fiziki aktivliyin əhəmiyyət kəsb etdiyini, bədən tərbiyəsinin davamlı və planlaşdırılmış formada həyata keçiriləməsinin faydalı olduğunu bildirib.
 
Tələbələrin böyük marağına səbəb olan tədbirdə N.Əliyeva sağlam qidalanma üçün zəruri məhsullar və onların gündəlik qida norması barədə məlumat verib.
Sonda iştirakçılara maarifləndirici materiallar paylanıb.
Bilik Fondu və İSİM arasında 22 iyun 2016-cı il tarixində imzalanmış Əməkdaşlıq Sazişinə əsasən, müxtəlif elm, təhsil ocaqlarında silsilə maarifləndirici tədbirlər keçirilir.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 26.10.2017

Son xəbərlər