Suraxanıda “Təbii fəlakətlər və ətraf mühit” mövzusunda maarifləndirici tədbir keçirildi


Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Fondun "Ekoloji maarifləndirmə" proqramı çərçivəsində Suraxanı Heydər Əliyev Mərkəzində “Təbii fəlakətlər və ətraf mühit” mövzusunda maarifləndirici tədbir keçirilib.

Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov tədbiri giriş sözü ilə açaraq, ideoloji işin gücləndirilməsi və səmərəliliyin artırılması məqsədi ilə rayonda həyata keçirilən layihələrdən danışıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi direktorunun birinci müavini, geologiya-mineralogiya elmləri doktoru, professor Rauf Muradov, Seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Tahir Məmmədli seysmologiya sahəsində dövlət səviyyəsində görülən işlərdən, Mərkəzin fəaliyyət istiqamətlərindən söz açıblar.

R.Muradov bildirib ki, Seysmoloji Xidmət Mərkəzi zəlzələlərin tədqiqatı və öyrənilməsi ilə məşğuldur. Mərkəzdə seysmoloji, geofiziki, geokimyəvi və geodinamik kompleks tədqiqatlar aparılır. Təmsil etdiyi qurumun MDB məkanında yeganə təşkilat olaraq, seysmoloji tədqiqatların ən müasir peyk rabitəsi ilə işləyən seysmik stansiyalar şəbəkəsi vasitəsi ilə həyata keçirildiyini diqqətə çatdıran professor, xüsusən, zəlzələ təhlükəsi yaşanan zaman əhalinin necə davranmalı olduğu barədə geniş məlumat verib.

T. Məmmədli isə məruzəsində hazırda Seysmoloji Xidmət Mərkəzinin respublika ərazisində 35 peyk rabitəsi ilə işləyən seysmik stansiyalarının olduğunu xatırladıb, quruda daha beş seysmik stansiyanın qurulmasının nəzərdə tutulduğunu bildirib.

Professor Mərkəzin Seysmologiya şöbəsinin Azərbaycan ərazisində seysmikliyin genezisi və təzahürü xüsusiyyətlərinin araşdırılması, aktiv qırılmaların müəyyənləşdirilməsi, onların seysmik potensialının qiymətləndirilməsi, ümumilikdə seysmoloji, seysmotektonik problemlərin həlli istiqamətində fəaliyyət göstərdiyini vurğulayıb, əldə etdikləri uğurlu nəticələri diqqətə çatdırıb.

Tədbirin yekununda Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla Fondun müxtəlif sahələri özündə əks etdirən proqramları və onların mahiyyəti barədə məlumatlandırma xarakterli çıxış edərək, layihələrin əhalinin maarifləndirilməsi işinə töhfələr verdiyini vurğulayıb.
Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

 

Tarix: 31.10.2017

Son xəbərlər