“Ekran və efirdə ədəbi dil normaları” layihəsi Gəncə və Tovuzda


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Milli Televiziya və Radio Şurasının dəstəyi ilə keçirilən “Ekran və efirdə ədəbi dil normaları” layihəsi davam edir.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təcrübəli professor və müəllimləri, eləcə də praktik jurnalistlərin iştirakı ilə keçirilən mühazirələr və təlimlər dinləyicilərin böyük marağına səbəb olub. Növbəti tədbirlər Gəncə və Tovuzda gerçəkləşib.

AMEA-nın Dilçilik İnstitutu Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva Gəncənin “Kəpəz ARB” Müstəqil Teleradio Şirkətində olub. Alim bu dəfə “Telekanallarda üslub xətalarının aradan qaldırılması” mövzusunda danışıb, dinləyicilərə üslub yanlışlıqlarının təkrarlanmaması üçün konkret tövsiyələrini çatdırıb, fikirlərini nümunələrlə əsaslandırıb. “Kəpəz” televiziyasında keçirilən növbəti təlimdə İnstitutun Monitorinq şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Qazıyeva “Terminlər, neologizmlər, xüsusi adlar və abbreviaturalardan efirdə şifahi və yazılı formada istifadə qaydaları” mövzusunda danışıb. Alimlər televiziya işçilərinə ekran və efirdə ədəbi dil normalarının qorunması ilə bağlı lazımı materiallar təqdim ediblər.

Təlimlər Tovuz rayonunda fəaliyyət göstərən “ARB24 Xəbər” televiziyasında da keçirilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasının müdiri, dosent, əməkdar artist Azad Şükürov “Danışıq texnikası (tənəffüs, səs, diksiya)” və “Danışıq zamanı orfoepiya qanunlarına əməl olunması problemləri” mövzusunda keçirdiyi təlimlərdə iştirakçılara əyani şəkildə izahlar verərək, onları təcrübi məşqlərə cəlb edib.

Bilik Fondunun təşkilatçılığı ilə Gəncənin M.C.Paşayev adına 39 nömrəli və M.Mehdizadə adına 4 nömrəli tam orta məktəblərində AMEA Dilçilik İnstitutunun təmsilçiləri şagird və müəllim kollektivi ilə "Azərbaycan dilinin saflığının qorunmasında təhsil müəssisələrinin rolu” mövzusunda görüşlər keçiriblər.

M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə N.Qazıyeva Azərbaycan dilinin qorunmasının vacibliyindən söz açıb, bildirib ki, dil hər bir xalqın təfəkkür göstəricisi olmaqla yanaşı, ünsiyyət zamanı tərəflərin bir-birini anlaması üçün ən önəmli vasitədir. Bu səbəbdən dildə sadəliyə üstünlük verilməli, qəbul olunan qanunlara əməl olunmalıdır.

M.Mehdizadə adına 4 nömrəli tam orta məktəbdə eyni mövzuda mühazirə söyləyən S.Əliyeva ədəbi dil normalarının xüsusən ekran və efirdən yayımlanan proqramlarda pozulduğunu, bu halın izləyicilərə mənfi təsir göstərdiyini diqqətə çatdıraraq, Bilik Fondunun təşkilatçılığı ilə televiziya və radio əməkdaşlarına təlimlər keçirilməsinin problemin həllinə müsbət təsir edəcəyinə əmin olduğunu bildirib.

Xatırladaq ki, Bilik Fondunun Milli Televiziya və Radio Şurasının dəstəyi ilə keçirilən “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində ilk təlimlər "Xəzər" televiziyasında aparılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

 

 

Tarix: 06.11.2017

Son xəbərlər