“Tariximizi öyrənək və öyrədək” Gənclər Klubu Qalada oldu


Noyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn Məmmədovun bələdçiliyi ilə Qala Dövlət Tarix Etnoqrafiya qoruğuna səfər ediblər.

Klub üzvləri səfər boyunca H.Məmmədovun “Qala – yaddaş tariximiz. Keçmiş və bu gün” mövzusunda söhbətini dinləyiblər. Qala Dövlət Qoruğunun 1988-ci ildə bərqərar edildiyini deyən alim Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin açılışının 2008-ci ildə olduğunu bildirib.

N.Məmmədov deyib ki, Qalanın tarixinin öyrənilməsi, orada arxeoloji qazıntıların aparılması, onun dünya sivilizasiyasının bir hissəsinə çevrilməsi YUNESKO-nun xoş məramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əməyinin nəticəsidir.

Qeyd edək ki, qoruğun ərazisində eramızdan əvvəl III minillikdən XX əsrə qədərki dövrə aid kurqanlar, sərdabələr, yaşayış evləri, 4 ovdan, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam və s. var.

Tələbələr Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin ərazisində yerləşən Arxeoloji-Etnoqrafik Muzey, Əntiq Əşyalar Muzeyi, Qala-Qəsrlə yanaşı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış “Tullantıdan sənətə” Muzeyi ilə də yaxından tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 06.11.2017

Son xəbərlər