Bilik Fondu Bayraq Gününə həsr olunan müsabiqəyə yekun vurdu – qaliblər mükafatlandırıldı


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Gənc jurnalistlər" Klubunun üzvləri arasında 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü və 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə oktyabrın 2-dən başlayan esse müsabiqəsinə noyabrın 6-da yekun vurulub.

Noyabrın 8-də Bilik Fondunda keçirilən mükafatlandırma mərasimini giriş sözü ilə açan Fondun icraçı direktoru Oktay Səmədov Dövlət Bayrağı Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, gəncləri üçrəngli Azərbaycan bayrağını daim uca tutmağa çağırıb.

İcraçı direktor "Gənc jurnalistlər" Klubunun yaranma zərurətindən danışarkən bildirib ki, klub İnformasiya təminatı sektoru ilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi arasında imzalanmış Niyyət Protokoluna əsasən yaradılıb.

Bilik Fondunun hər bir sektorunun nəzdində klubların fəaliyyət göstərdiyini qeyd edən icraçı direktor "Tariximizi öyrənək və öyrədək", "Diplomatlar" klublarının fəaliyyətindən söz açıb. O.Səmədov "Gənc jurnalistlər" Klubunun yeni yarandığını diqqətə çatdıraraq, jurnalist tələbələrin qısa zaman ərzində Fondla qurduqları ünsiyyətdən razılığını ifadə edib, müsabiqənin bu əməkdaşlığın bariz nümunəsi olduğunu söyləyib.

İcraçı direktor esselərlə tanış olduğunu bildirərək, tələbələrin vətən sevgisindən, düşüncə tərzindən, yazı üslublarından, mövzuya fərqli baxış sərgiləmələrindən məmnunluq duyduğunu vurğulayıb. Fondun Milli Televiziya və Radio Şurasının dəstəyi ilə keçirilən "Ekran və efirdə ədəbi dil normaları" layihəsini xatırladan icarçı direktor, xüsusən, jurnalistlərin ədəbi dil qaydalarına əməl etmələrinin vacibliyini söyləyib.

BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu gənclərə Dövlət Bayrağımızın yaranma tarixindən danışaraq, onun uğrunda canlarından keçənlərin qəlblərdə əbədi yaşayacağını vurğulayıb.

Dekan tələbə jurnalistlərə göstərilən diqqət və qayğıya görə Fondun rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib. V.Zivəroğlu qarşılıqlı anlaşma üzərində qurulan əməkdaşlığın tələbələrin peşəkar jurnalistlərə çevrilməsində böyük rol oynayacağına inandığını dilə gətirib.

Tədbirdə müsabiqənin münsiflər heyətinin üzvləri də tələbə jurnalistlər barədə müsbət fikirlər səsləndiriblər.

Bilik Fondunun təşkilatçılığı ilə keçirilən müsabiqəyə 27 tələbə jurnalist qatılıb. Sonda qaliblərə mükafatlar verilib. Bununla yanaşı, bütün iştirakçılara Bilik Fondunun hədiyyələri təqdim edilib.

BDU-nun II kurs tələbəsi Şəbnəm Qurbanzadə birinci yerə, II kurs magistrantı Bayram İsmayılov ikinci yerə, II kurs tələbəsi Mir Sadiq Ağayev, IV kurs tələbəsi Nəzrin Rüstəmova, III kurs tələbəsi Günel Nağıyeva və II kurs tələbəsi Türkan Məmmədova üçüncü yerə layiq görülüblər.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 08.11.2017

Son xəbərlər