Bilik Fondu Beynəlxalq İnsan Hüququları gününə həsr edilmiş tədbir keçirdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində 10 dekabr Beynəlxalq İnasan Hüququları gününə həsr edilmiş tədbir keçirilib.
 
Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai, siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Fərman Kazımov Bilik Fondu və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbirlərin keçirilməsinin ənənəyə çevrildiyini xüsusilə vurğulayıb və Beynəlxalq İnsan Hüququları gününə həsr edilmiş tədbirin Sumqayıt şəhərində təşkilinə görə Bilik Fondunun rəhbərliyinə təşəkkürünü bildirib.
 
İştirakçıları salamlayan Fondun aparat rəhbəri İsaxan Vəliyev “Hüquqi maarifləndirmə” Proqramı çərçivəsində görülən işlərdən danışıb, ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi islahatlar kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, son zamanlar cəza siyasətinin humanistləşdirilməsi, insan hüquq və azadlıqlarının təminatı istiqamətində bir sıra qanunvericilik aktlarının qəbul edildiyini faktlarla diqqətə çatdırıb.
 
Tədbirdə Mülki və İnzibati Prosessual Məcəllələrə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilən dəyişikliklərlə bağlı çıxış edən Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev Prezident İlham Əliyev tərəfindən bu sahədə imzalanmış hüquqi sənədlərin ilk növbədə insan və vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsində təsbit edilmiş hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təminatının yeni hüquqi bazası kimi çıxış etdiyini bildirib.
 
Tədbirdə çıxış edən Sumqayıt Şəhər Məhkəməsinin sədri Zeyqəm Hüseynov Bilik Fondu tərəfindən hüquqi maarifləndirici tədbirlərin nəinki sadə vətəndaşlar, eləcə də məhkəmə hüquq və hüquq mühafizə orqanlarının əməkdaşları üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
İnteraktiv şəraitdə keçən görüşdə dinləyicilərin çoxsaylı sualları ətraflı cavablandırılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 07.12.2017

Son xəbərlər