Bilik Fondu Binəqədi rayonunda “Azərbaycanın geosiyasi identikliyi” mövzusunda mühazirə təşkil etdi


Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Binəqədi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin inzibati binasında “Məlumat saatı” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Bilik Fondu tərəfindən İcra Hakimiyyətində, eləcə də rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatlarda silsilə maarifləndirici tədbirlərin  keçirilməsini yüksək qiymətləndirib və belə tədbirlərin təşkilinə görə Bilik Fondu rəhbərliyinə dərin təşəkkürünü bildirib.

Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev Fondun fəaliyyəti barədə  tədbir iştirakçılarına məlumat verərək bildirib ki, Prezidentin daxili və xarici siyasəti, o cümlədən, penitensiar xidmət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından cəza siyasətinin humanistləşdirilməsi istiqamətində görülən işlərin mahiyyətinin əhaliyə çatdırılması Fondun maarifləndirici fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Tədbirin mövzusu barədə məlumat verən İ.Vəliyev Cənubi Qafqaz regionunda cərəyan edən proseslərdən, region ölkələrinin seçdiyi xarici siyasət prioritetlərindən söhbət açıb.

Tədbirdə “Azərbaycanın geosiyasi identikliyi” mövzusunda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov geosiyasi identikliyin mahiyyətindən danışıb, tarix, dil, din və coğrafi identikliyin qorunmasının dövlətin dünya çapında nüfuzuna təsir edən ən mühüm amillərdən olduğunu diqqətə çatdırıb. Məruzəçi coğrafi baxımdan Avropa ilə Asiya arasında birləşdirici mövqedə duran ölkəmizin Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində digər dövlətlər üçün stabil bir məkana çevrildiyini və bu səbəbdən də bir sıra beynəlxalq nəqliyyat layihələrinin Azərbaycan ərazisindən keçirilməsinə üstünlük verilməsini xüsusi vurğulayıb.

Sonda tədbir iştirakçılarının sualları ətraflı cavablandırılıb

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 14.12.2017

Son xəbərlər