VIII "Fənlərin Dostluğu Olimpiadası"nın I mərhələsi keçirilib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Odlar Yurdu Universiteti və Hədəf Kurslarının birgə təşkilatçılığı ilə keçirilən VIII “Fənlərin Dostluğu Olimpiadası”nın birinci mərhələsi başa çatıb. “Fənlərin Dostluğu Olimpiadası” 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunub.
 
Bakı, Sumqayıt, Xırdalan, Şamaxı və Oğuz şəhərlərində keçirilən Olimpiadada ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9 və 10-cu sinif şagirdləri 2 saat müddətində 50 inteqrativ sualı cavablandırıblar. 5 imtahan mərkəzində ümumilikdə 1200-dən artıq şagird öz biliyini sınayıb.
 
Bölgə məktəblərində keçirilən Olimpiadanın təşkilinə Bilik Fondunun yerli nümayəndələri və Bilik evləri də dəstək veriblər.
 
2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən “Fənlərin Dostluğu Olimpiadası”nın 2017-ci il buraxılışının rəsmi tərəfdaşlarıMedica Hospital, Hədəf Multimedia Mərkəzi, Altun Kitab, Azərbaycan Elm Assosiasiyası, HedefGlobal,
kitabevim.az mağazaları, informasiya dəstəkçiləri isə APA TV, edumap.az, senet.az portalları, "Ustad" dərgisidir.
 
23 dekabr 2017-ci il tarixində VIII “Fənlərin Dostluğu
Olimpiadası”nın qaliblərinin mükafatlandırma mərasimi olacaq. Olimpiadada qalib gələn 10 şagird və onların təhsil aldığı orta məktəblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 19.12.2017

Son xəbərlər