Bilik Fondu “Azərbaycan Xalq Cümhuriyyəti - 100” silsiləsindən maarifləndirici tədbirlərini davam etdirir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması və 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncamların tələblərindən irəli gələrək, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu silsilə tədbirlərini davam etdirir.
 
Bu məqsədlə martın 15-də beş məkanda maarifləndirici tədbirlər keçirilib.
 
Salyan rayon Peşə Liseyində gerçəkləşən tədbiri giriş sözü ilə təhsil ocağının direktoru açaraq, Fondla əməkdaşlıq nəticəsində görülən işlərdən danışıb.
 
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Hümmətova “Cümhuriyyət dövründə ədəbiyyat” mövzusunda mühazirə ilə çıxış edib.
 
Cümhuriyyətin tarixi, yaranma şəraitini qeyd etməklə yanaşı, həmin dövrdə yaranan ədəbiyyatın əsas məqsəd və vəzifələri barədə söhbət açan məruzəçi M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, Ə.Hüseynzadə, Ə.Cavad və A.İldırımın həyat və fəaliyyətləri barədə ətraflı danışıb.
 
X.Hümmətova onu da qeyd edib ki, AXC dövründə yaranan ədəbiyyat M.F. Axundov, N.Nərimanov, F.Köçərli, S.Ə.Şirvani, N.Vəzirov, Ə.Haqverdiyev və başqa ədiblərimiz tərəfindən əsası qoyulan ənənələrdən güc alıb və qayəsində “dövlətdən və milli dövlətçilik şüurundan qiymətli heç nə yoxdur” ideyası durur.
 
Məruzəçi sonda Xalq Cümhuriyyəti dövründə yaşayıb yaradan sənətkarlar və onların əsərləri haqqında tələbələrə ətraflı məlumat verərək bildirib ki, vətənpəvərlik, əzmkarlıq hissi ilə yaşamaq ən gözəl həyat yoludur.
 
Şabran rayonu Gəndov kənd klubunda təşkil olunan mühazirə “Şabran-Quba bölgəsində bolşevik və erməni-daşnak dəstələrinə qarşı mübarizə” mövzusunda olub.
 
Şabran şəhər T.Abbasov adına 1 nömrəli tam orta məktəbin direktoru, Bilik Fondunun rayon nümayəndəsi Fikrət Şamxalov bu mövzuda mühazirə ilə çıxış edərək, tarixi faktlar əsasında bolşeviklərin və erməni-daşnak dəstələrinin həyata keçirdikləri vandalizm aktlarından danışıb.
 
Bakı şəhərinin Binəqədi rayonunda yerləşən İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən maarifləndirici mühazirə “Şərq” qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Akif Aşırlının hazırladığı “Azərbaycan Xalq Cümhuriyyəti dövrü mətbuatında azərbaycanlıların soyqırımının əks olunması” mövzusuna həsr olunub.
 
Mühazirəçi Şərqdə ilk müstəqil ölkədə qurulan mətbuatın fəaliyyətindən bəhs edərək, soyqırım hadisələrinin işıqlandırılmasının nə qədər ağır olduğunu diqqətə çatdırıb. A.Aşırlı deyib ki, bu çətinliyə baxmayaraq, mətbuat cəmiyyəti informasiya ilə təmin edə bildi və bu gün araşdırmalarda həmin mənbələrə istinad olunur.
 
Bakı şəhərinin Xətai rayonunda yerləşən Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirici mühazirə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn Məmmədov tərəfindən söylənilib. “Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının tarixi əhəmiyyəti” mövzusunda deyilən mühazirədə dinləyicilərə dövrün tarixi gerçəkliyi faktlarla izah olunub və bildirilib ki, Cümhuriyyət qurucuları şəraiti vaxtında dəyərləndirməyi bacardılar. Bu bacarıq onların vətənə olan sevgisindən və siyasi fəhmlərinin genişliyindən irəli gəlirdi.
“Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda tədbir isə böyük bəstəkarın adını daşıyan Ev Muzeyində gerçəkləşib.
 
Fondun lektorlar qrupunun üzvü professor Solmaz Amanova Üzeyir Hacıbəylinin yaradıcılığından söz açaraq, bəstəkarın Cümhuriyyət dövründəki yazıçılıq fəaliyyətindən danışıb.
Bütün tədbirlərdə iştirakçılar mühazirəçilərə maraqlı suallar ünvanlayıb və ətraflı cavablar alıblar.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 15.03.2018

Son xəbərlər