Bilik Fondu Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününü qeyd etdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibəti ilə Qax Bilik Evində AMEA Şəki Regional Mərkəzinin tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədlinin “Qax - Balakən bölgəsinin abidələri və tarixi yerləri” mövzusunda mühazirəsi təşkil olunub.
 
Bilik Evinin direktoru Rövşən Hədisov Rayon məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açaraq, Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün yaranma mahiyyəti barədə məlumat verib.
 
Mühazirəçi A.Məmmədli Azərbaycanın əksər bölgələrində tarixi abidələrin olduğunu xatırladaraq, Qaxda və Balakəndə olan abidələrin dünya şöhrəti qazandığını bildirdi.
 
Alim tarixi məkanların qorunmasında əhalinin də üzərinə öhdəlik düşdüyünü deyərək, gələcək nəsillərin tarixi daha doğru öyrənməsində abidələrin rolunu xüsusi qeyd edib.
 
Həmin gün paytaxtda da tədbir keçirilib. Fondun “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubu üzvlərinin “İçərişəhər” Dövlət Tarix - Memarlıq Qoruğuna ekskursiyası təşkil olunub. Tələbələr “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində olan Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Tahir Salahovun ev-muzeyi ekspozisiyaları ilə tanış olublar.
 
Tələbələr Fondun baş mütəxəssisi Elnarə Əliyeva və məsləhətçi Sevinc Məmmədovanın müşayəti ilə İçərişəhərin tarixi məkanları ilə tanış olublar, bələdçi tərəfindən ətraflı məlumat alıblar.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 18.04.2018

Son xəbərlər