Bilik Fondu gənclərin “Şöhrət” muzeyinə ekskursiyasını təşkil etdi


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə gənclər Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının "Şöhrət" muzeyinə ekskursiya ediblər.
 
İki günlük ekskursiyanın ilk günü Bilik Fondunda təcrübə keçən Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Bakı Slavyan Universitetinin tələbələri, növbəti gün isə Fondun nəzdində fəaliyyət göstərən “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun, “Gənc jurnalistlər” və “Diplomatlar” Klublarının üzvləri Ulu öndərin zəngin və mənalı həyatını və fəaliyyətini əks etdirən bu unikal muzeydə olublar.
 
Gənclər Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, ömür yolunu, bütün varlığı ilə bağlı olduğu Azərbaycanın hərtərəfli inkişafı, müstəqilliyimizin qorunub saxlanılması, əbədi və dönməz olması, xalqımızın tərəqqisi naminə gördüyü misilsiz işləri, o cümlədən həyatının 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı iş dövrünü, onun şəxsən həyata keçirdiyi və peşəkarlıq zirvəsinin nümunələri olan əməliyyatlar haqqında məlumatları əks etdirən eksponatlar, stendlərdə olan nadir fotoşəkillər, sənədlər və arxiv materialları ilə tanış olublar.
 
Dahi şəxsiyyətin örnək ömür yolunu dəyərli ekspozisiyalarla şərti olaraq dörd mərhələdə əks etdirən muzey ziyarətçilərin böyük marağına səbəb olub.
 
“Şöhrət” muzeyində Ümummilli liderin uşaqlıq və gənclik illərinə, Dövlət təhlükəsizlik orqanlarında işlədiyi dövrə, Azərbaycana rəhbərlik etdiyi və SSRİ kimi nəhəng bir dövlətin siyasi olimpində təmsil olunduğu dövrə, müstəqil Azərbaycanın memarı kimi fəaliyyət dövrünə dair stendləri izləyən tələbələrə hər bir mərhələ haqqında əhatəli məlumat verilib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidmət
Tarix: 10.05.2018

Son xəbərlər