Müsabiqə qaliblərinə Bilik Fondunun “Təşəkkürnamə”ləri təqdim olundu


Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Bakı şəhərinin Suraxanı rayonundakı 232 nömrəli tam orta məktəbdə ədəbi-bədii tədbir keçirilib. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının nümayəndələri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı şəhəri üzrə Təhsil İdarəsinin təmsilçiləri, tanınmış alimlər və məktəblilərin valideynləri iştirak ediblər.
 
Məktəbin həyətində şagirdlərin əl işlərindən ibarət sərgidə qonaqlar məktəblilərin müşayiəti ilə “Şəhidlər ölməz - Vətən bölünməz”, “Xalq sənəti nümunələri”, “Ölkəmizin tarixi keçmişi”, “Cümhuriyyət liderlərinin ömür yolu”, “Bakı nefti”, “Klassiklərimiz” və digər guşələrlə tanış olublar.
 
Məktəbin direktoru Məhluqə Əzizova qonaqları salamlayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsi, təbliği, gənc nəslin azərbaycançılıq ruhunda tərbiyə olunması üçün rəhbərlik etdiyi təhsil müəssisəsində görülən işlərdən danışıb.
 
Tədbir iştirakçılarına şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiyalar təqdim olunub.
 
Şəhid Milli Qəhrəman Mübariz Rüstəmovun atası, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor İzzət Rüstəmov, Bilik Fondunun sektor müdiri Hacı Abdulla, Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov və başqaları Cümhuriyyət tariximizin şagirdlərə öyrədiməsinin əhəmiyyətini qeyd edərək, yaddaqalan tədbirin təşkilatçı və iştirakçılarına təşəkkür ediblər.
 
H.Abdulla Bilik Fondunun müxtəlif maarifçilik tədbirlərində Suraxanı rayonunun daim fəallıq göstərdiyini vurğulayaraq, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş respublika müsabiqəsində 232 nömrəli məktəbin şagirdlərinin də yaxından iştirak etdiyini, uğurlu nəticələr əldə olunduğunu bildirib. Qonaqlar şagirdlərə Bilik Fondunun “Təşəkkürnamə”lərini təqdim ediblər.
 
Direktor Məhluqə Əzizova ümumtəhsil məktəblərində həyata keçirdiyi maraqlı layihələrə, şagirdlərin elmi biliklərinin, estetik tərbiyəsinin yüksəldilməsinə verdiyi dəyərli töhfələrə görə Bilik Fondunun rəhbərliyinə təşəkkür edib.
 
Azərbaycan Respubliaksının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 21.05.2018

Son xəbərlər