Bayramınız mübarək!


Azərbaycan 1992-ci ildə ikinci müstəqilliyə qovuşdu. Cümhuriyyətin varisi olan bu müstəqil Azərbaycanın memarı Ulu öndər Heydər Əliyev oldu. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əbədi müstəqillik dövrünü yaşayır. 2018-ci il ölkə başçısının Sərəncamı ilə Azərbaycanda Cümhuriyyət ili elan olunub. Cümhuriyyət bayramımız mübarək olsun!

Azərbaycan Xalq Cümhuriyyəti və ya Azərbaycan Demokratik Respublikası — Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikası. Paytaxtı əvvəlcə Gəncə, sonra Bakı şəhəri idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqazda azərbaycanlıların elliklə yaşadıqları ərazilər təqribən 150 min kv. km-ə bərabər idi. 1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldikdə, əzəli Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan Respublikası yaradıldı. AXC Hökuməti, həmçinin, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri və keçmiş İrəvan xanlığının paytaxtı olan İrəvanı da ermənilərə güzəştə getməyə və onu yeni yaradılan Ermənistan Respublikasının "siyasi mərkəzi" kimi tanımağa məcbur oldu. Beləliklə, Cənubi Qafqaz respublikaları arasında sərhəd məsələləri qismən nizama salındıqdan sonra AXC Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113,9 min kv. km-ni əhatə edirdi. AXC-nin əhalisi 2.8 milyondan çox idi.

Dövlət hakimiyyəti üç qoldan ibarət idi: Azərbaycan parlamenti, Hökumət, məhkəmə hakimiyyəti. Dövlət Parlamentin qəbul etdiyi qanun və qərarlar əsasında idarə olunurdu. Parlamentdə Azərbaycan ərazisində yaşayan bütün xalqlar, o cümlədən sayları çox az olan xalqlar da öz deputatları ilə təmsil olunmuşdular. İcra hakimiyyəti Hökumətə məxsus idi. Hökumət Parlament qarşısında cavabdeh idi. AXC Hökuməti 1918-ci il mayın 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Paris Sülh Konfransının qərarına əsasən müstəqil dövlət kimi tanınmışdı. Dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəlliklər səviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər bağlamışdı. AXC müstəqil məhkəmə sisteminin yaradılması sahəsində də mühüm tədbirlər həyata keçirmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də beynəlxalq hüquq normalarını kobudcasına pozan RSFSR-ın hərbi müdaxiləsi nəticəsində aradan qaldırıldı. Şimali Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal edildi və yenidən Rusiyaya tabe olundu. 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı dağılması nəticəsində, Azərbaycan xalqı Şimali Azərbaycanda dövlət müstəqilliyini yenidən bərpa etdi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

Tarix: 28.05.2018

Son xəbərlər