Bilik Fondu Azərbaycan Ordusunun 100 illiyinə silsilə tədbirlər həsr edib


Müstəqil Azərbaycan Ordusunun yaradılması, möhkəmləndirilməsi və məsuliyyətli vəzifələri icra etməyə qadir olan real qüvvəyə çevrilməsi 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət quruculuğunun çox mühüm tarixi nəticələrindən biridir.
 
Hökumət bu sahəyə xüsusi diqqət yetirir, müsbət nəticələrin əldə edilməsi üçün böyük qətiyyət, əzm və təşəbbüs göstərirdi. Ona görə də çar Rusiyası ordusunda şərəfli xidmət yolu keçmiş tam artilleriya generalı Səməd bəy Mehmandarov və general-leytenant Əliağa Şıxlinski ordu quruculuğu işinə cəlb olunurlar.
 
Bununla da Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun uğurlu təşkili üçün çox səmərəli bir addım atılmış olur.
 
S. Mehmandarov 1918-ci il dekabrın 23-də imzaladığı əmrində tələb edirdi ki, ordu sıralarında xidmət keçən hər bir hərbi qulluqçu Azərbaycan Xalq Cümhuriyyətinə sədaqət andı içsin.
 
İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 ili tamam olur. Azərbaycan Xalq Cümhuriyyəti ilə yaşıd olan Milli Ordu ölkənin müstəqilliyində müstəsna rola malikdir.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı imzaladığı Sərəncamın işığında müxtəlif dövlət qurumlarının, ictimai təşkilatların keçirdiyi silsilə tədbirlər həm də Ordunun yaranması, inkişafı, keçdiyi döyüş yoluna həsr olunur.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Ordunun 100 illiyi münasibəti ilə müxtəlif məzmunlu maarifləndirici tədbirlər təşkil edir.
 
Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi daxili Qoşunları və Bilik Fondunun birgə təşkilatçılığı ilə ordunun qüdrətinin təbliğatı və təşviqatı istiqamətində silsilə tədbirlər keçirilir.
 
“Ordum varsa, yurdum var” şüarı ilə hazırlanan tədbirlərdə bu sahənin biliciləri olan alimlər mühazirələrlə çıxış edir, əsgər və zabitlərimiz şərəfli döyüş yolu keçmiş qəhrəmanlarımızla görüşürlər, Qarabağ müharibəsinə həsr olunan filmlər göstərilir, vətənpərvər ruhlu kitabların təqdimatları təşkil olunur.
 
Bilik Fondu müxtəlif təyinatlı hərbi hissələrdə əsgər və zabitləri dəfələrlə ziyarət edib. Bu günə qədər hərbi hissələrin kitabxanalarına mindən çox kitab hədiyyə olunub. “Əsgərə məktub” və “Əsgərdən məktub” layihələri çərçivəsində yazılan məktublar ordu-xalq birliyinə xidmət edib.
 
Görüşlərdə alimlərlə yanaşı, əsgər və zabitlər də çıxışlar edərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməyə hazır olduqlarını bildiriblər.
 
Bilik Fondu işğaldan azad edilmiş Cəbrayıl rayon Cocuq Mərcanlı kəndinə də səfərlər təşkil edib. Bu səfərlərdə məktəblilərlər, kənd sakinləri ilə sıx təmaslar qurulub, həm məktəbə, həm də kənd məscidinə 1000 nüsxədən çox kitab hədiyyə olunub. Cocuq Mərcanlı kəndinə sonuncu səfərdə Bilik Fondunun “Mizan” Tələbə
 
Dram Dərnəyinin görkəmli yazıçı Mir Cəlal Paşayevin əsərlərinin motivləri əsasında hazırladığı tamaşa nümayiş olunub.
 
Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiyaların təşkilində də Fond xüsusi ilə seçilir. Gənclər muzeyin hərb tariximizin ayrı-ayrı dövrlərini özündə ehtiva edən geniş zallarında Səfəvi dövlətindən tutmuş bu günə qədər olan hərb tariximiz barədə əyani vasitələrlə tanış olurlar.
 
Fondun “Tariximizi öyrənək və öyrədək”, “Gənc jurnalistlər” klublarının üzvləri də ordu tarixinin daha yaxından öyrənilməsi məqsədi ilə mütəmadi tədbirlərə cəlb olunurlar. Gənclərin iştirakı ilə hərbi hissələrin kitabxanalarına elmi-kütləvi və bədii ədəbiyyat nümunələri hədiyyə olunur. Bilik Fondunun dəstəyi ilə Beyləqan rayonu ərazisində yerləşən hərbi hissədə əsgər və zabitlər üçün “Bilik otağı” yaradılıb, Tərtər şəhərində Qarabağ regional Bilik Evi fəaliyyətə başlayıb.
 
Silahlı Qüvvələr günü ərəfəsində Bilik Fondunun təşkilatçılığı və Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı heyətinin iştirakı ilə Binəqədi rayonu ərazisində yerləşən N saylı hərbi hissədə Azərbaycan Ordusunun yaradılmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan – yurdum mənim” mövzusunda ədəbi-musiqili kompozisiya, Pirküşkül qəsəbəsində yerləşən digər hərbi hissədə “Əsgər papağı” tamaşası nümayiş etdirilib.
 
Fondun hərbi vətənpərvərliyin təbliği istiqamətində layihələri davam edir. Azərbaycan ordusunun şanlı tarixini hər bir azərbaycanlının bilməsi vacibdir. Bu məqsədlə həyata keçirilən layihələr rəngarəngliyi ilə seçilir.
 
Məqsəd ondan ibarətdir ki, xüsusən gənclər Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun dövlətə, xalqa sədaqətli xidmət ənənələrinin müasir ordu quruculuğunda da uğurla davam etdirildiyini daha dəqiqliyi ilə bilsinlər. Cümhuriyyət dövründə əsası qoyulan tarixin bu gün yeni şəraitdə, yeni tələblər üzərində davam etdirilməsi və zənginləşdirilməsi müasir Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasına çıxarıb. İndi şübhə yoxdur ki, Azərbaycanın dövlət rəhbərliyinin məqsədyönlü siyasəti nəticəsində öz qüdrətini günü-gündən artıran müasir Azərbaycan Ordusu Cümhuriyyət ordusunun tarixi təcrübəsindən səmərəli şəkildə bəhrələnərək, bütün xalqın ona bağladığı ümidləri layiqincə doğrultmağa hazırdır.
 
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 25.06.2018

Son xəbərlər