Sağlam cəmiyyət güclü dövlətin təməlidir! – Bilik Fondunun “Tibbi maarifləndirmə” proqramı davam edir


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu mütəmadi olaraq həyata keçirdiyi müxtəlif məzmunlu maarifləndirici tədbirləri - mühazirələr və təlimləri, dəyirmi masalar və diskussiyaları, elmi konfranslar və seminarları, xalqımızın tarixi və mədəniyyətinnin, dili və ədəbiyyatının təbliği istiqamətində digər tədbirləri ekoloji, mədəni, iqtisadi, hüquqi və tibbi maarifləndirmə proqramları çərçivəsində təşkil təşkil edir.
 
“Tibbi maarifləndirmə” proqramının məqsədi əhalinin tibbi biliklərini artırmaq, onun sağlamlığını qorumaq, xəstəliklərin profilaktikası üzrə maarifləndirmə işinə dəstək göstərmək, sağlam qidalanma və sağlam həyat tərzini təbliğ etməkdir.
 
Əhalinin tibbi maarifləndirilməsi və sağlam həyat tərzinin təbliği məqsədilə Bilik Fondu ilə Azərbaycan Tibb Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi arasında Əməkdaşlıq Sazişi imzalanıb. Yerlərdən daxil olan müraciətlər, aparılan sosialoji sorğular əsasında Fondun Bilik Evlərində, şəhər və rayon nümayəndələrinin təşkilatçılığı ilə ali və orta təhsil müəssisələrində, digər idarə və təşkilatlarda tibbi maarifləndirmə istiqamətində tədbirlər təşkil olunur.
 
Atalarımız “Sağlam bədəndə sağlam ruh olar” deyiblər. Həqiqətən, insan ruhunun saflığı və sabitliyi, baş verən hadisələrə psixoloji baxımdan düzgün reaksiya verə bilməsi xeyli dərəcədə fiziki sağlamlıq amilindən asılıdır. İstər Quran ayələrində, istər hədislərdə, istərsə də İslam müqəddəslərinin həyat təcrübəsində fiziki sağlamlığın, sağlam həyat tərzinin əhəmiyyəti dönə-dönə vurğulanır.
 
Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetinin əməkdaşları, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-mütəxəssisləri ölkə ərazisində mütəmadi olaraq “Düzgün qidalanma sağlam həyat tərzinin əsası kimi”, “Məktəblinin fiziki aktivliyinin inkişafı”, “Hərəkətsizlik müasir cəmiyyətin bəlasıdır”, “Təmizlik - sağlamlıqdır”, “Ətraf mühitin insan sağlamlığına təsiri”, “Ana südü körpələrin sağlam qidalanmasının başlıca şərti kimi”, “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması: mövcud problemlər və onların həlli” mövzularında tədbirlərdə fəal iştirak edir, idarə və müəssisələrdə mühazirə və təlimlər keçirirlər.
 
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, 26 iyun - Narkomaniyaya və narkobiznesə qarşı mübarizə günü ilə əlaqədar olaraq “Zərərli vərdişlərə “Yox!” deyək”, “Narkomaniyaya qarşı mübarizə edək” şüarı altında keçirilmiş tədbirlərdə gənclərə tütünçəkmənin insan orqanizminə mənfi təsiri, zərərli vərdişlərə, narkotik maddələrə aludəliyin fəsadları izah olunur, virusdan qorunmanın üsulları izah edilir.
 
“Tütünün və spirtli içkilərin sağlamlığa mənfi təsiri”, “31 may – Ümumdünya Tütünsüz günü”nə həsr olunan tədbirlərdə gənclərə tütünün və spirtli içkilərin sağlamlığa mənfi təsiri barədə ətraflı məlumat verilib. Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Səidə Xanməmmədovanın sözlərinə görə, tütünün törətdiyi xəstəliklər nəticəsində hazırda dünyada hər il 6 milyondan artıq insan vəfat edir. XX əsrdə tütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoyub.
 
Geniş dinləyici kütləsini əhatə etmək və maarifləndirmə işinin effektlivliyini artırmaq məqsədilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron Hökumət” Təlim-Tədris Mərkəzində müxtəlif tibbi mövzularda təşkil olunan videokonfranslarda Bakı gəncləri ilə yanaşı, Mingəçevir, Şəki, Zaqatala, Qazax və Göyçaydan olan gənclər də iştirak ediblər. İştirakçılara tütünçəkmə, onun fəsadları, yaranan xəstəliklər, ikincili tütünçəkmənin insan orqanizminə mənfi təsiri, siqaretin tərkibindəki zərərli maddələr, zərərli vərdişdən imtina etməyin yolları və üstünlükləri, ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlər haqqında geniş söhbət açılıb.
 
Hər hansı bir qəza və ya sağlamlıq üçün təhlükəli vəziyyət yarandıqda xəsarət almış adama tibb işçiləri gələnədək ilk tibbi yardımın göstərilməsi qaydalarını öyrətmək məqsədilə Fondun ölkə ərazisində yerləşən Bilik Evləri, SOS Uşaq Kəndi, ali məktəb, kollec və orta ümumtəhsil məktəblərində “Təxirəsalınmaz ilkin tibbi yardım” mövzusunda təşkil olunan mühazirə və təlimlərdə həkim-mütəxəssislər zədə almış şəxsə süni tənəffüsün verilməsi və ürəyin qapalı masajının düzgün icra edilməsi qaydalarını, ürəyin yerinin təyin olunması, masaj zamanı əllərin döş qəfəsi üzərində düzgün yerləşdirilməsi, eləcə də digər zəruri addımlar barədə məlumatları yeniyetmə və gənclərin diqqətinə çatdırıblar.
 
Dayanıqlı, daimi sülh və əmin-amanlığın təmin edilməsi üçün müstəqil dövlətin güclü ordusu olmalıdır. Bu səbəbdən də ordu sıralarına gələn gənclərin sağlam, mənəvi-psixoloji və fiziki cəhətdən möhkəm, o cümlədən hərbi xidmətin çətinliklərinə dözümlü olmaları olduqca vacibdir. Bu məqsədlə Azərbaycan Tibb Universitetinin həkimləri, İSİM-in həkim-mütəxəssləri mütəmadi olaraq müxtəlif bölgələrdə gənc çağırışçılara, eləcə də, Cəmşid Naxçivanski adına Hərbi Liseydə təhsil alan kursantlara depressiya, onun fəsadları və ondan çıxış yolları, sağlam həyat tərzi, zərərli vərdişlər və onlardan qorunmağın yolları haqqında, tütünçəkmə, onun zərərli nəticələri, bu səbəbdən yaranan xəstəliklər, ikincili tütünçəkmənin insan orqanizminə mənfi təsiri haqqında geniş məlumat verirlər.
 
Bilik Fondu ölkə əhalisinin sağlamlığı keşiyində duran təcrübəli həkim və tibb işçiləri ilə, onların təmsil etdikləri müəssisə və təşkilatlarla əməkdaşlığı genişləndirmək, Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi kimi nüfuzlu dövlət qurumları ilə birgə layihələr həyata keçirməklə icbari tibbi sığortanın tətbiqi, yoluxucu xəstəliklərin profilaktikası və onlara qarşı mübarizə, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işini gücləndirmək əzmindədir.
 
Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkədə neft kapitalının insan kapitalının formalaşmasına yönləndirilməsinin vacibliyi ilə bağlı qərar, tapşırıq və tövsiyələrinin daha səmərəli nəticə verməsi əhalinin sağlamlığı ilə birbaşa bağlıdır.
 
Yalnız dayaqları həm mənəvi, həm də fiziki baxımdan sağlam olan cəmiyyət güclü dövlətin təməlini qoruya bilər!
 
Aytən Xubanova,
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun məsləhətçisi
Tarix: 17.07.2018

Son xəbərlər