Bilik Fondu ali məktəb tələbələrinin təcrübə məkanıdır


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu fəəaliyyətə başladığı gündən mütəmadi olaraq müxtəlif məzmunlu maarrifləndirici tədbirlər - elmi-kütləvi mühazirələr və təlimlər, “dəyirmi masalar” və diskussiyalar, elmi konfranslar və seminarlar, bilik yarışmaları və müsabiqələr təşkil edir. Xalqın tarixi və mədəniyyətinin, dili və ədəbiyyatının təbliği, dövlətin daxili və xarici siyasətinin mahiyyətinin əhaliyə çatdırılması məqsədi ilə həyata keçirilən tədbirlər Fondun maarifləndirici proqramları əsasında gerçəkləşir.

İctimai-siyasi, sosial-iqtisadi, hüquqi, mədəni, tibbi və ekoloji maarifləndirmə proqramları davamlı xarakter daşıyır, əhalinin bütün təbəqələrini əhatə edir. Bu proqramlar üzrə müxtəlif məzmunlu layihələr və maarifləndirici tədbirlər yerli icra hakimiyyəti orqanları, Fondun şəhər və rayon nümayəndələri, bölgələrdə fəaliyyət göstərən Bilik Evləri tərəfindən daxil olan sosial sifarişlər, əhali arasında keçirilən sorğular əsasında təşkil olunur.

Maarifləndirici tədbirlərin təşkilində Bilik Fondu bir çox dövlət qurumları, nazirliklər və komitələr, idarə, müəssisə və təşkilatlarla sıx əməkdaşlıq edir. Bu sırada ali təhsil müəssisələri xüsusi yerə malikdir. Bilik Fondu mütəmadi olaraq ali məktəblərdə professor-müəllim və tələbə heyəti cəlb olunmaqla aktual mövzularda elmi konfranslar və dəyirmi masalar, mühazirələr və təqdimatlar keçirir, intellektual müsabiqələr elan edir. Universitet müəllimləri Fondun elmi biliklərin müxtəlif sahələri üzrə şəhər və rayonlarda, qəsəbə və kəndlərdə təşkil etdiyi mühazirələrdə və maarifləndirici görüşlərdə fəal iştirak edir, öz fikir və mülahizələrini yerli auditoriya ilə bölüşür, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi dəyərlərimizi təbliğ edir, dövlətin daxili və xarici siyasətinin mahiyətini dolğun şəkildə dinləyicilərə çatdırır, elmin kütləviləşməsinə xidmət göstərirlər.

Ali təhsil müəssisələri ilə əməkdaşlığın mühüm sahələrindən biri də universitetlərdə müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsinin Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda təşkilidir. Bu sahədə əməkdaşlığa 2015-ci ilin fevral ayından başlanılıb və bu günə kimi 7 universitetin 90 tələbəsi istehsalat təcrübəsini Bilik Fondunda keçib. Bakı Dövlət Universiteti, Bakı Slavyan Unversiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Xəzər Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Beynəlxalq münasibətlər”, “Regionşünaslıq”, “Tərcümə”, “Siyasi idarəetmə”, “İnzibati idarəetmə” ixtsasları üzrə təhsil alan və Bilik Fonduna təcrübəyə gələn tələbələr Ölkədaxili layhələr, Beynəlxalq layihələr, İnformasiya təminatı sektorlarına və Ümumi şöbəyə təhkim olunurlar. Fond əməkdaşlarının rəhbərliyi altında təcrübə keçdikləri dövrdə tələbələr təkcə verilən tapşırıqları yerinə yetirməklə kifayətlənmir, həm də maarifləndirici proqram və layihələr çərçivəsində təşkil olunan tədbirlərdə fəal iştirak edirlər. Alim və tədqiqatçıların müəssisə və təşkilatlarda keçirilən mühazirələrində, müxtəlif sahələr üzrə təşkil olunan təlim kurslarında, AMEA institutları ilə tanışlıq görüşlərində, kitab və film təqdimatlarında, xarici ölkələrin səfirləri ilə işgüzar görüşlərdə, Fondun “Tariximizi öyrənək və öyrədək”, “Gənc jurnalistlər” klublarının tədbirlərində, bilik yarışmaları və intellektual müsabiqələrdə, ekskursiyalar və xeyriyyə tədbirlərində iştirak edən tələbələr həm nəzəri, həm də praktiki biliklərə yiyələnirlər.

Təcrübəçi tələbələrin böyük həvəslə qatıldıqları tədbirlərdən biri də beynəlxalq elmi konfranslardır. Tədbirə hazırlıq mərhələsində, konfrans iştirakçılarının məruzə mətnlərinin toplanması, qruplaşdırılması və nəşrə hazırlanması, iştirakçılarla əlaqələrin qurulması, qonaqların dəvət olunması, bölmə iclaslarının təşkili və idarə olunması kimi vacib işlərdə tələbələr öz təşkilatçılıq qabiliyyətlərini nümayiş etdirir, yeni bilik və bacarıqlara yiyələnirlər.

Fondun təşkilatçılığı ilə keçirilmiş bir sıra elmi tədbirlərin, o cümlədən 2016-cı ildə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyev ideyaları işığında” mövzusunda Şagird-Tələbə Elmi Konfransının, bir il sonra dahi şəxsiyyətin anadan olmasının 94-cü ildönümünə və “İslam Həmrəyliyi İli”nə həsr edilmiş “Bir günəşin zərrəsiyik” mövzusunda II Beynəlxalq Şagird Konfransının, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə və Ümummilli liderin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycan: müasirlik və gələcəyin qovuşuğunda” mövzusunda III Beynəlxalq Şagird Konfransının və Bilik Fondunun “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubu üzvlərinin “Azərbaycan Cümhuriyyəti gənclərin gözü ilə” mövzusunda elmi-praktik konfransının təşkilində təcrübəçi tələbələrin böyük əməyi olub.

Təcrübə keçdikləri dövrdə xüsusi fəallıqları ilə seçilən tələbələrə Bilik Fondunun müvafiq sertifikatları ilə yanaşı, “Təşəkkürnamə”lər, müsabiqələrdə qalib çıxan gənclərə “Diplom”lar və Fondun kitab hədiyyələri təqdim olunub.

Bilik Fondunda təcrübə keçən tələbələrə alim və tədqiqatçıların iştirakı ilə bölgələrdə gerçəkləşən elmi turlarda və ekskursiyalarda, elm və mədəniyyət xadimləri ilə keçirilən görüşlərdə, teatr tamaşaları və film nümayişlərində, müzakirələrdə və təqdimatlarda iştirak etmək, təcrübə dövründə hazırladıqları təqdimatlarla yaşıdları və məktəblilər qarşısında çıxış etmək, yaradıcılıqlarını nümayiş etdirmək imkanı yaradılır.

Cari ildə Bilik Fondunda təcrübə keçən tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, təəssüratlarını Azərbaycan Dövlət Televiziyasının “Səhər” informasiya proqramında bölüşüblər. Bir qrup tələbə paytaxt məktəblərində Novruz adət və ənənələrinə həsr olunmuş və nəfis tərtibatla hazırlanmış təqdimatlarla çıxış edidblər.

Ötən il tələbələrin Bilik Fondunda təşkil olunmuş təcrübələri maraqlı sonluqla yadda qalıb. Fondun İnformasiya təminatı sektorunun tapşırığı ilə 10 Azərbaycan xalq nağılını ingilis dilinə tərcümə etdikdən sonra peşəkar tərcüməçi tərəfindən redaktə edilmiş və yüksək qiymətləndirilmiş mətnlər toplu şəklində və hər iki dildə nəfis tərtibatla nəşr edildi. Kitab işıq üzü gördükdən sonra təhsilini başa vurmuş tələbələrdən birinin hərbi xidmətə çağırıldığı məlum oldu. Bilik Fondunun kollektivi tərəddüd etmədən toplunun ilk təqdimatını Fondda təcrübədə olmuş məzunun xidmət etdiyi hərbi hissədə keçirməyi qərara aldı. Əsgərin valideynlərinin, komandirləri və silahdaşlarının iştirakı ilə keçirilmiş tədbir böyük maraqla qarşılandı.

Bu il təlbələrin təcrübə dövründə tərtib etdikləri iki məlumat ədəbiyyatı nümunəsi – “Beynəlxalq təşkilatlar” və “Yunanıstan” kitabçaları da artıq çapa hazırlanmış və rəy bildirmək üçün “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisasları üzrə peşəkar mütəxəssislərə təqdim edilmişdir.

Sadaladığımız faktlar təcrübəçi tələbələrin yaradıcı fəaliyyətinin nə dərəcədə zəngin və rəngarəng olduğunu göstərir. Fondda təcrübə keçən tələbələr həm təhsil aldıqları ixtisaslar üzrə bilik və bacarıqlarını təkmilləşdirmiş olurlar, həm də təşkilatçılıq qabiliyyətinə yiyələnir, kargüzarlıq və səndləşmə işlərinin xüsusiyyətlərini öyrənirlər. Sözsüz ki, təcrübə dövründə əldə edilmiş bilik və bacarıqlar gənclərin gələcək peşə fəaliyyətində onlara yardımçı olacaq, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə kömək edəcəkdir.

Təcrübəni başa vurmuş tələbələrin bir çoxu Bilik Fondu ilə əlaqələrini kəsmir, asudə vaxtlarında burada keçirilən tədbirlərə qatılır, özlərinə doğma bildikləri kollektivin üzvləri ilə görüşürlər. Onlarla Fondun “Tariximizi öyrənək və öyrədək”, “Gənc jurnalistlər”, “Diplomatlar” klublarının tədbirlərində, xarici dil kurslarının məşğələlərində rastlaşırıq. Hər dəfə istehsalat təcrübəsi başa çatdıqdan sonra Bilik Fondunun Könüllülər Birliyi üzvlərinin də sayı artmış olur.

Qarşıda yeni tədris ili gəlir. Ali məktəb tələbələrinin Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda təşkil olunan istehsalat təcrübəsində də yeniliklər gözlənilir. Kollektivimiz tələbələrin təcrübəsini daha maraqlı və məhsuldar etmək, gənclərin elmi biliklərə maraqlarının artırılması, tanınmış alim və tədqiqatçılarla canlı ünsiyyətdən faydalanması məqsədilə daha məzmunlu və rəngarəng tədbirlər həyata keçirmək, təcrübənin müəyyən bir hissəsini Fondun əməkdaşlıq etdiyi müvafiq müəssisə və təşkilatlarda, o cümlədən bölgələrdə fəaliyyət göstərən Bilik Evlərində təşkil etmək, ali məktəblərə təcrübə ilə bağlı yeni təkliflər paketi təqdim etmək niyyətindədir.

Elnarə Ağaoğlu,
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun məsləhətçisi

Tarix: 09.08.2018

Son xəbərlər