Bilik Fondu Goranboy və Xocalı sakinləri ilə maarifləndirici görüşlər keçirdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun işğalçı erməni ordu hissələri ilə həmsərhəd Goranboy rayonunda təşkil etdiyi maarifçilik tədbirləri yerli ictimaiyyət nümayəndələrinin razılığı ilə qarşılanıb.
 
Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev Bilik Fondunun mühazirəçisi, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu və Fondun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla ilə söhbətində Bilik Fondunun genişmiqyaslı maarifçilik fəaliyyətinin əhəmiyyətini vurğulayıb, rayonda birgə tədbirlərin keçirilməsinə dəstək verməyə hər zaman hazır olduğunu bildirib.
 
Goranboy şəhərindəki Gənclər Mərkəzində təşkil olunan görüşdə Azərbaycan Xalq Cümhuriyyətinin dil siyasəti, Ulu öndər Heydər Əliyevin natiqlik məharəti, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hazırlanıb qəbul edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər barədə akademik M.Nağısoylunun və Bilik Fondunun bu istiqamətlərdə həyata keçirdiyi maarifçilik tədbirləri barədə H.Abdullanın məruzələri dinlənilib.
 
Tədbirdə icra hakimiyyətinin, təhsil, mədəniyyət, gənclər təşkilatlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak və çıxış ediblər. Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevin son 10 ildə Goranboya etdiyi 5 səfərinin, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı imzaladığı 8 sərəncamın rayonun simasını başdan-başa dəyişməsinə, işsizliyin tam aradan qaldırılmasına imkan yaratdığı qeyd edilib, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyəti İli” elan edilməsi barədə dövlət başçımızın verdiyi qərarın tarixi keçmişimizə hörmət və ehtiramın, həm də işıqlı gələcəyimizə aydın münasibətin təzahürü olduğu bildirilib, Ana dilimizin saflığının qorunub saxlanması və inkişafı sahəsində dövlətimizin apardığı dil siyasətinin gerçəşləşməsi üçün KİV-lərin, ictimaiyyətin, hər bir vətəndaşın məsuliyyəti, rolu, vəzifələrindən söz açılıb.
 
Görüşlərdə ictimaiyyət nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb. Bilik Fondunun maarifçilik işinin davam etdirilməsi üçün yerli icra strukturları, təhsil, mədəniyyət, gənclər təşkilatları ilə davamlı, daha sıx əlaqələrinin qurulması məqsədi ilə ziyalılar – Nofəl Köçərli, Faiq Muradov, Rəsul İsmayılov və başqalarının verdikləri təklif, tövsiyələr dəyərləndirilb.
 
Rayonun Rəhimli kənd tam orta məktəbinin iclas zalında müəllim, valideyn və yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən görüşdə Bilik Fondunun Goranboy rayonu üzrə nümayəndəsi Günay Tağıyeva “Maarifçilik işi: ailə, məktəb və ictimaiyyətin birgə fəaliyyətinin təşkili” və Hacı Abdulla “Sərhəd bölgələrində hərbi informasiya təhlükəsizliyinin qorunması” mövzularında çıxış ediblər.
 
2016-cı ilin qalibiyyətli aprel döyüşlərindən sonra sərhəd bölgələrində yaşayan əhalinin sayıqlığının, hərbi sirlərin mühafizəsində məsuliyyətinin yüksəldiyi, biliklərinin genişləndiyi bildirilib. Bu istiqamətdə Prezident və Ali Baş Komandanın imzaladığı sənədlərin mühüm rolu olduğu vurğulanıb. Məktəb və ictimaiyyətin, şagirdlərin öhdəsinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılıb.
 
Sosial şəbəkələrdə bir sıra səbatsız insanların yaydığı məsuliyyətsiz dezinformasiyaların zərəri qeyd edilib.
 
Bilikli cəmiyyət quruculuğu naminə məktəb, ailə və ictimaiyyətin səylərinin birləşdirilməsinin Bilik Fondunun maarifçilik fəaliyyətinin əsas istiqamətlərindən biri olduğu faktlarla diqqətə çatdırılıb.
 
Goranboy rayonu məcburi köçkün həmvətənlərimizin ən çox məskunlaşdığı bölgələrdən biridir. 11 mindən çox məcburi köçkünün yaşadığı Goranboyda bu kateqoriyadan olan vətəndaşlar üçün Azərbaycan hökumətinin öz daxili ehtiyatları hesabına yaratdığı rahat imkanlar, salınmış qəsəbələrdə hər cür infrastrukturun mövcudluğu, xüsusilə, Yuxarı və Aşağı Ağcakənddə, əsasən, qaniçən ermənilərin törətdiyi soyqırımın ağır fiziki, mənəvi müsibətlərini yaşamış xocalıların maddi, sosial təminatının yaxşılaşdırılması üçün görülmüş işlər barədə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı rayon Mədəniyyət evində rayonun pedaqoji kollektivlərinin və yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə də bəhs edilib. Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev sərhədyanı bölgədə Bilik Fondunun belə maarifləndirici tədbir keçirməsini yüksək qiymətləndirib.
 
Xocalı abidəsini ziyarətlə başlayan görüşdə akademik M.Nağısoylu dilimizin tarixi, inkişaf mərhələləri, bu günkü durumu, Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət dil siyasəti, dilimizin tədrisi, təbliği, işlənmə dairəsinin genişlənməsi istiqamətində Bilik Fondu ilə Dilçilik İnstitutunun həyata keçirdiyi birgə tədbirlər barədə ətraflı məlumat verib, sualları cavablandırıb.
 
Meşəli kənd tam orta məktəbinin direktoru Alış Alışov və tarixçi müəllim Sabir Qasımov alim-ziyalılarla belə görüşlərin əhəmiyyətini qeyd edib, öz fikirlərini bölüşüb, Bilik Fonduna və akademik M.Nağısoyluya minnətdarlığını bildiriblər.
 
Goranboyda fəaliyyətini davam etdirən Xocalı şəhər 1 nömrəli tam orta məktəbin iclas zalında Xocalı ictimaiyyəti nümayəndələrinin iştirakı ilə təşkil olunmuş “dəyirmi masa”da oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məcburi köçkünlərin problemləri ilə əlaqədar verdiyi tapşırıqların bu sahədə mövcud olan nöqsan və çatışmazlıqların aradan qaldırılmasına yeni stimul verəcəyinə inam ifadə olunub. Bilik Fondunun sektor müdiri Hacı Abdulla, məktəbin direktoru, “Tərəqqi” medalı ilə təltif olunmuş Vidadi Rəhimov, Xocalı şəhəri üzrə icra nümayəndəsi Tacir Əzizov, Əməkdar müəllim Tamella Bilalova, valideynlərdən Solmaz Məmmədova, Zəminə Məmmədova və başqalarının çıxışlarında məcburi köçkünlərə diqqət və qayğının Prezident İlham Əliyevin siyasi kursunun əsas istiqamətlərindən birini təşkil etdiyi faktlarla vurğulanıb, Xocalıya qayıdışın xocalıların həyat devizi, gündəlik yaşam arzusu olması bildirilib, qoyub gəldiyimiz ata-baba yurdlarına qayıdış ruhunun daim diri saxlanmasında, məcburi köçkünlərin gələcəyə inam əhval-ruhiyyəsinin qorunub saxlanmasında təbliğat, təşviqat, maarifçilik işinin xüsisi önəm daşıdığı vurğulanıb.
 
Dövlət başçımızın açılışını etdiyi, 27 ildən bəri fəaliyyətni davam etdirən bu məktəbin qazandığı uğurlardan söz açılıb. Bildirilib ki, ötən dərs ilində məktəbin 14 məzunundan 10-u yüksək ballarla Bakı Dövlət, Tibb, Pedaqoji universitetlərə, Polis Akademiyasına daxil olublar, şagirdlərin bir çoxu respublika müsabiqələrinin qalibi olub.
 
Bilik Fondunun Goranboy, Xocalı, Naftalan, Gəncə nümayəndələrinin “İl boyu bilik”, “Qardaşlaşmış məktəblər” layihələri çərçivəsində birgə tədbirlərin – müsabiqə, ekskursiya, bilik yarışmalarının, səngərdə əldə silah Vətənin keşiyində duran əsgərlərlə görüşlərinin hazırlanıb, həyata keçirilməsi barədə təşəbbüslərinə Bilik Fondu tərəfindən təşkilati, maddi-mənəvi dəstək veriləcəyi bildirilib.
 
H.Abdullanın Xocalı məktəbində apardığı “Vətən dərsi”ndə şagirdlərə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və qurucuları, dövlət atributlarımız, Ümummilli lider Heydər Əliyevin həyatı, Qafqazda ilk yaşayış məskənlərindən biri olmuş Xocalının tarixi, Milli Qəhrəmanları, Milli Ordumuzun aprel döyüşlərində qazandığı zəfərlə bağlı məlumat verilib.
 
Sektor müdiri H.Abdulla Bilik Fondunun Xocalı məktəblilərinin Gəncə, Bərdə və Şəkiyə ekskursiya arzularının gerçəkləşməsinə yardımçı olacağını bildirib.
 
Azərbaycan Respublikası Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 15.10.2018

Son xəbərlər