Milli Qəhrəman Məhərrəm Seyidovun anım mərasimi keçirildi


Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikası "20 Yanvar" İctimai Birliyinin, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov adına İnkişaf Fondunun birgə təşkilatçılığı ilə Milli Qəhrəman Məhərrəm Seyidovun anım mərasimi keçirilib.

Tədbir Milli Qəhrəman, şəhid ailələri, qazilər və veteranların iştirakı ilə Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi Səbail rayon təşkilatının inzibati binasında telejurnalist Kamil Məmmədovun moderatorluğu ilə keçirilib.

Milli Qəhrəmanın həyat yoldaşı Şəkər Seyidova belə marasimlərin gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsinə böyük töhfə olduğunu deyərək, şəhid ailələrinə göstərilən yüksək səviyyəli dövlət qayğısından razılığını bildirib, təşkilatçılara və iştirakçılara M.Seyidovu bir daha yad etdikləri üçün minnətdarlıq edib. 

Bildirilib ki, Seyidov Məhərrəm Mirəziz oğlu Naxçıvan Muxtar Respublikası Şərur rayon Daxili İşlər Şöbəsi yanında mühafizə şöbəsində kapitan rütbəsi ilə baş inspektor vəzifəsində çalışdığı dövrdə Azərbaycanın Ermənistanla həmsərhəd olan Naxçıvan Muxtar Respublikası Sədərək rayonu erməni silahlı birləşmələri tərəfindən hücumlara məruz qalır. Sədərəyə yaxın postlarda gedən qanlı döyüşlər zamanı M.Seyidovun polis yoldaşı kapitan Azər Seyidov yanvarın 19-da mühasirəyə düşür. Onu mühasirədən xilas edən M.Seyidov qəhrəmancasına həlak olur. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli Fərmanı ilə kapitan Seyidov Məhərrəm Mirəziz oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Şərur rayonu Şəhidlər Xiyabanında dəfn edilmiş şəhid qəhrəman “Qırmızı Ulduz” ordeninə layiq görülüb.

Tədbirdə Bilik Fondunun Lektorlar Qrupunun üzvü, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov “20 Yanvar- tariximizin qəhrəmanlıq səhifəsi” mövzusunda geniş məruzə ilə çıxış edərəkdeyib ki, 20 Yanvar faciəsində şəhid olanların xatirəsini xalqımız daim hörmətlə anır. Bildirilib ki, 20 Yanvar Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq rəmzi kimi mühüm əhəmiyyətə malikdir.

Mühazirəçi ssenari müəllifi olduğu "Şəhid, səndən başlayır Vətən – Azərbaycanın Milli Qəhrəmanı Məhərrəm Seyidov" filminin məzmunu barədə ətraflı məlumat verib. Natiq vurğulayıb ki, Milli Qəhrəmanın həyatı və döyüş yolundan bəhs edilən filmdə onun qəhrəmanlığı faktlar əsasında işıqlandırılıb. Filmdə Ulu Öndər Heydər Əliyevin M.Seyidovun ailəsini ziyarəti zamanı söylədiyi "Vətən yolunda şəhid olanlar ölmürlər, xalqın qəlbində, ürəyində əbədi yaşayırlar. Biz onların qəhrəmanlığı, şəhidliyi ilə fəxr edirik. Bu, bizim millətimizin iftixarıdır" fikirləri əksini tapıb.

Tədbirdə Milli Qəhrəmanların valideynləri, şəhid ailələrinin nümayəndələri, Qarabağ müharibəsi veteranları, qazilər çıxış edərək, anım mərasiminə toplaşdıqları Milli Qəhrəmanın döyüş yolu haqqında fikirlər səsləndiriblər.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 10.01.2019

Son xəbərlər