Bilik Fondu Bakıda və bölgələrdə abituriyentlərlə videokonfrans keçirib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində abituriyentlər üçün “Ali məktəblərdə ixtisas seçimi və qəbul imtahanlarına hazırlıq” mövzusunda videokonfrans keçirib. Videokonfransda Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Təhsil Nazirliyinin əməkdaşı Hüseyn Mirzəyev, TQDK-nın Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin sektor müdiri Məhəbbət Əkbərli, mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə, Bilik Fondunun İnformasiya Təminatı sektorunun müdiri Xatirə Hüseynova, psixoloq Lalə Ağayeva iştirak ediblər.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov videokonfransa qatılan bütün abituriyentləri salamlayaraq Fondun həyata keçirdiyi maarifləndirici tədbirlərindən söz açıb, gənc nəslin hərtərəfli inkişafında belə tədbirlərin önəmli yer tutduğunu bildirib. Ekspertlər məktəblilərin uzun illər topladıqları biliklərin onların qəbul imtahanlarında müsbət nəticələr göstərməsinə imkan yaradacağını deyiblər. 
Abituriyentlərin psixoloji baxımdam qəbul imtahanlarına hazırlığı məsələsinə dair dəyərli məsləhətlər verən mütəxəssislər ixtisas seçiminə daha diqqətli yanaşmanın vacibliyini vurğulayıblar. 
Tədbirdə Gəncə, Mingəçevir, Lənkəran, Qəbələ, Şamaxı və Bərdədən olan abituriyentlərə qəbul imtahanları ilə bağlı onlayn formada məlumat verilib, onların imtahanlara hazırlıq səviyyəsi, ali məktəblərdə ixtisas seçimi, abituriyentlərin psixoloji durumuna dair fikir mübadiləsi aparılıb. Ekspertlər rayonlardan videokonfransa qatılan abituriyentlərin və valideynlərin çoxsaylı suallarını cavablandırıblar.

Tarix: 03.07.2015

Son xəbərlər