Bilik Fondu "Bilik evi"ndə yeni layihəyə başlayır


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu daha bir regional layihənin icrasına başlayıb. Yerlərdən gələn təkliflər nəzərə alınmaqla Qaxda yeni fəaliyyətə başlayan “Bilik evi”ndə ölkəmizin şimal-qərb bölgəsində xarici avtomobillərə texniki xidmət ustaları hazırlayan kurs açılıb. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı rayonlarından olan hərbi xidmət keçmiş, avtomobil ustalığına marağı, müəyyən bilik və praktiki bacarığı olan işsiz gənclər bu kursa cəlb edilib. "Auto Azerbaijan" şirkətinin Bakıdakı təlim mərkəzində keçirilən sınaq imtahanından keçən 15 gənc ilk mərhələdə şirkətin tədris mərkəzində, sonra isə Şəki və Qaxda təcrübəli ustalardan təlim alacaqlar. 
Kursun fəaliyyətə başlaması münasibəti ilə şirkətdə keçirilən mərasimdə Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla, "Auto Azerbaijan" Dilerlərin İnkişafı Departamentinin müdiri İhsan Korkmazer, Dilerlərin inkişafı üzrə baş mütəxəssis Tural İsmayılov, texniki menecer Sənan Məmmədov, təlimçi Qurban Məmmədov çıxış edərək layihənin əhəmiyyətindən, perspektivlərindən danışıb, kursa qatılanlara uğurlar arzulayıblar. 
Gənclər 13 xarici şirkətin ölkəmizdəki distributoru olan şirkətin fəaliyyəti haqqında filmə baxıblar, texniki xidmət bazaları ilə tanış olublar.

Tarix: 09.09.2015

Son xəbərlər