Bir ocaq ətrafında


Bilik Fondunda “Qübbə yəhudiləri” sənədli filminə baxış oldu

Allahın əhvalının xoş vaxtında yaratdığı təbiətin bir gözəl guşəsi, gül gülü çağırır, bülbül bülbülü. Hər tərəf yaşıllıq, gül-çiçək könül oxşayır.
Əlində peşəkar fotokamera olan bir gənc oğlan maşından düşüb məzarlığa tərəf addımlayır. Bir məzarın yanına çatıb dayanır, başdaşını sığallayıb, məzarlıqda uyuyanlara ehtiram əlaməti kimi baş əyib, yoluna davam edir. Tamaşaçı da onun arxasınca. 
Niyə bu qədər gözəllik içində bu cavan oğlan məzarlıqdan başlayır yoluna, onu tamaşaçı üçün niyə belə xüsusi vurğulayır? 
Bir millətin varlığından, tarixindən, bu günündən söhbət açıb, yaşam tərzini göstərib onu tanımayanlara tanıtdırmaq üçün əcdadlarının dəfn olunduğu məzarlıqdan başlayan bu gənc etnoqrafdır. 
Tarixini araşdırdığı millətsə yəhudilərdir, qübbə yəhudiləri. Söhbət açdığımız film elə bu cür də adlanır – “Qübbə yəhudiləri”. 
AMEA-nın Folklor İnstitutunun “Folklor” studiyasında ərsəyə gələn sənədli filmi gənc etnoqrafın izi ilə göstərən rejissor Qasım Nağı üçün məzarlıq əslində həyat rəmzidir. Bir millətin varlığı onun tarixində, tarixi isə məzarlığında özünü tapır. 
Dağ yəhudiləri (onların dilində Cuvuro) şərqi Qafqazda, əsasən Azərbaycan və Dağıstanda kök salmış yəhudilərdir. Onları İsraildə Qafqaz yəhudiləri də adlandırırlar. 
Yəhudilik Azərbaycanda tarixən dağ yəhudiləri ilə təmsil olunub. Onların Qafqaza gəlişini e.ə. I əsrə aid edirlər. Tədqiqatçıların bu barədə fikirləri fərqlidir. Bir fikrə görə, ən qədim yəhudi icmalarından olan dağ yəhudiləri mənşəcə bir vaxtlar Assuriya və Babil şahları tərəfindən Fələstindən çıxarılmış və Midiyada məskunlaşdırılmış İsrail oğulları nəslindəndirlər. Onların əcdadları yəhudiliyə ilk iman gətirmiş insanlar olublar. Elə Midiyada ikən onlar tatlarla qaynayıb qarışıblar. Bunun təsiri altında dağ yəhudiləri fars dilinin qədim arami və yəhudi sözləri ilə qatışıq bir ləhcəsi olan tat dilində danışırlar. Başqa tədqiqatçıların fikrincə, dağ yəhudiləri Şərqi Qafqaza Sasani hökmdarı Xosrov I Ənuşirəvan tərəfindən köçürülüblər. Digər mənbələrə əsasən, Azərbaycan yəhudilərinin (dağ yəhudilərinin) kökləri Qafqaz Albaniyasına qədər gedir. 1990-cı ildə aparılan arxeoloji qazıntılar zamanı Bakı ətrafında və Qubanın 25 kilometrliyində VII əsrə aid yəhudi yaşayış məntəqəsinin qalıqları tapılıb. Dağ yəhudiləri 5 yerli qrupa bölünür: qaytağlılar (qаytoği) – Dağıstanın Qaytağı rayonu, dərbəndlilər (dərbəndi) — Dağıstanın Dərbənd rayonu, qubalılar (quboi) —Azərbaycanın Quba rayonu, əsasən Qırmızı Qəsəbə, şirvanlılar (şirvoni) — Azərbaycanın şimal-şərqi, Şamaxı rayonunun keçmiş Müci kəndi, habelə Bakı, oğuzlular — Oğuz, Gəncə, İsmayıllı, Şamaxı.
Filmdə haqqında söhbət açılan yəhudilər Qubadakı Qırmızı Qəsəbədə yaşayırlar. Yəhudilərin folkloru, musiqisi, dili, dini, abidələri barədə filmdə geniş söhbət açılır. Özləri də azərbaycanlılarla yəhudilərin birgə yaşayışlarının köklərindən, bənzər adətlərindən danışırlar. Qırmızı Qəsəbənin ağsaqqalının dili ilə belə bir ifadə, demək olar ki, filmin kuliminasiyasıdır: “Azərbaycanda yaşayan xalqlar bir ocaq ətrafında qızınan insanlar kimidir”. 
Sənət işinin gedişatında Səttar Bəhlulzadənin əsərlərindən istifadə olunub. Yəhudi və Azərbaycan musiqiləri səslənir ki, bu da filmə xoş ovqat verir. 
“Qübbə yəhudiləri” adlı 32 dəqiqəlik bu film yenə məzarlıq kadrı ilə başa çatır, amma o məzarlıqdakı insanlar qara geyimdə deyil, rəngarəng qiyafələrdədirlər. Onların yaşadığı yerin təbiəti kimi al-əlvan. 
Zövqvericidir, işıqlıdr və çox gərəkli filmdir. Heç bir maddı dəstək göstərilmədən çəkilib. Qasım Nağı, baş rolun ifaçısı Mirsahib Ağayev və bütün yaradıcı qrup ustadları rejissor Vaqif İbrahimoğlu kimi bu işi sevə-sevə və peşəkarlıqla ərsəyə gətiriblər, maddi çətinlikləri də dəf etməkdə məhz bu sevgi onlara yardımçı olub. Sadəcə, təşəkkür.

Ramilə Qurbanlı,
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda məsləhətçi

Tarix: 09.10.2015

Son xəbərlər