Rəşad Məcidlə “İmzalı görüş”


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “İlboyu bilik” proqramının “İmzalı görüş” layihəsi çərçivəsində Müəllimlər İnstitutunda yazıçı-publisist Rəşad Məcidlə görüş keçirib.
Tədbirdə Bilik Fondunun İnformasiya Təminatı sektorunun müdiri Xatirə Hüseynova, sektorun məsləhətçisi Ramilə Qurbanlı, mətbuat katibi Ceyhun Musaoğlu, tənqidçi Nərgiz Cabbarlı, Azərbaycan Müəllimlər İnstitutunun tədris işləri üzrə prorektoru Razim Məmmədov, institutun professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Azərbaycan Müəllimlər İnstitutunun tədris işləri üzrə prorektoru Razim Məmmədov Bilik Fondunun gənclər arasında apardığı maarifçilik işindən, bu istiqamətdə həyata keçirilən layihələrin səmərəsindən danışıb. 
Rəşad Məcidin jurnalistlik fəaliyyətindən söz açan Fondun İnformasiya Təminatı sektorunun müdiri Xatirə Hüseynova gənclərin çağdaş ədəbiyyata olan marağını, belə görüşlərin də elə bu tələbatdan doğduğunu vurğulayıb. 
Bilik Fondunun məsləhətçisi Ramilə Qurbanlı Rəşad Məcidin bədii yaradıcılığından söz açaraq, onun əsərlərindən nümunələr gətirib, yazarın xüsusilə “10 sentyabr” hekayəsi haqqında tələbələrə məlumat verib. 
Rəşad Məcidin şeirlərini struktur, dil və ideya baxımından şərh edən tənqidçi Nərgiz Cabbarlı yazarın yaradıcılığı barədə ətraflı danışıb.
Sonra tələbələr Rəşad Məcidin yaradıcılığından nümunələr söyləməklə onları maraqlandıran mövzularda fikir mübadiləsi aparıblar. Gənclərin çoxsaylı suallarını cavablandıran yazar sonda kitablarını öz imzası ilə oxucularına hədiyyə edib.
Bilik Fondunun İnformasiya Təminatı sektorunun “İmzalı görüş” layihəsinin ilk qonağı yazıçı Aqil Abbas olub. Layihənin mahiyyətində gənclərin kitaba marağının artırılması durur. Sorğu nəticəsində əldə olunan sosial sifariş əsasında müəyyən olunan müəllifin kitabları gənclərə paylanır. Kitabların oxunması başa çatdıqdan sonra oxucularla müəllifin görüşü təşkil edilir.
Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya Təminatı sektoru

Tarix: 13.10.2015

Son xəbərlər