“Kitabi-Dədə Qorqud” şagirdlərin gözü ilə


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ölkə başçısının 20 fevral 2015-ci il tarixli “Kitabi-Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd olunması haqqında Sərəncamına uyğun olaraq, silsilə tədbirlər həyata keçirir. 
Bu münasibətlə respublikanın müxtəlif bölgələrindən – Bakı, Sumqayıt, Gəncə, Şamaxı, Oğuz, İsmayıllı, Zaqatala, Şirvan, Tərtər, Beyləqan, Kürdəmir, Naftalan, Lənkəran, Ağstafa, Gədəbəy, Qəbələdən olan məktəblilərin əl işləri və rəsmlərindən ibarət sərgi təşkil olunub.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keçirilən sərgidə şagirdlərin “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında çəkdikləri 120-dək rəsm və əl işləri nümayiş olunub. 
Açılış mərasimində çıxış edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov məktəbliləri təbrik edib, mənəvi sərvətimiz olan “Kitabi-Dədə Qorqud” dastanının uşaqların hərtərəfli inkişafında rolundan danışıb. Məktəblilərin estetik tərbiyəsində belə sərgilərin əhəmiyyətini vurğulayan icraçı direktor iştirakçıları Fondun növbəti tədbirlərinə də fəal qatılmağa çağırıb. 
Bilik Fondu iştirakçılara “Təşəkkürnamə” təqdim edib, gənc rəssamlara “Kitabi-Dədə Qorqud” dastanının audio diski hədiyyə olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya təminatı sektoru

 

 

Fotolar - https://www.facebook.com/bilik.fondu/posts/442058002652906

 

Tarix: 25.11.2015

Son xəbərlər