Bilik Fondu Texniki Universitetdə “Kitabi-Dədə Qorqud”la bağlı tədbir keçirib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Texniki Universitetində "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi münasibətilə "Kitabi-Dədə Qorqud - Fon Dits -200" mövzusunda tədbir keçirib. 
Tədbir Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq reallaşdırılıb.
Texniki Universitetin müəllim və tələbə heyəti ilə görüşdə Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, rektor, əməkdar elm xadimi, professor Havar Məmmədov, AMEA-nın müxbir üzvü, Folklor İnstitunun direktoru Muxtar İmanov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Universitetin rektoru Havar Məmmədov bu gün Azərbaycanda elmə, təhsilə, mədəniyyətə daim böyük önəm verildiyini deyib. Rektor Bilik Fondunun texniki təmayüllü ali məktəblərdə də Dədə Qorqudla bağlı tədbirlər keçirməsini alqışladığını deyib. “Kitabi-Dədə Qorqud” boylarının xalqımızın mənəvi sərvəti olduğunu vurğulayan rektor peşəsindən, ixtisasından asılı olmayaraq, hər bir azərbaycanlının dastan qəhrəmanlarını sevdiyini dilə gətirib. 
Fondun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev təmsil etdiyi qurumun maarifçilik istiqamətində həyata keçirdiyi layihələrdən danışıb. İ.Vəliyev dövlətimizin başçısının müvafiq Sərəncamına uyğun olaraq Bilik Fondunun respublikanın müxtəlif bölgələrində silsilə tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb.
Folklor İnstitunun direktoru Muxtar İmanov “Kitabi-Dədə Qorqud” dastanı haqqında geniş məlumat verib, onun dünya folklorunda və dastanşünaslığında özünəməxsus yerinin olduğunu vurğulayıb. Dastanda qəhrəmanlıq, sədaqət, anaya məhəbbət, qadına hörmət, vətən sevgisi kimi duyğuların təcəssümündən danışan mütəxəssis müəllimləri və tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.
Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 27.11.2015

Son xəbərlər