Bilik Fondu Tarix Muzeyində yanvar şəhidlərinin anım tədbirini keçirib


Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyi 20 Yanvara həsr edilmiş birgə tədbir keçirib. 
Tədbirdə Bakıda təhsil alan xarici ölkə tələbələri, paytaxt məktəbliləri, KİV və QHT nümayəndələri, Bilik Fondunun və Tarix muzeyin əməkdaşları iştirak ediblər.
Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı hər il yanvar hadisələrinin ildönümündə bu faciəni təkrar yaşadığını deyərək gənc nəslin tariximizin bu şanlı səhifəsini daim yaşatmasının vacibliyini vurğulayıb. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra 20 yanvar hadisələri ilə bağlı çəkilmiş sənədli film nümayiş olunub. 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev 1990-cı ilin tarixi hadisələri barədə müfəssəl məlumat verib, özünün şahidi olduğu reallıqlardan bəhs edib. Azərbaycanın müstəqilliyi yolunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması faktından danışan İ.Vəliyev şəhidlərin azadlıq mücadiləsinin ehtiramla yad edildiyini, onların igidliyinin yüksək qiymətləndirildiyini vurğulayıb. Yaxın keçmişimizdə baş verən hadisələr tədbirdə iştirak edən xarici tələbələrin də marağına səbəb olub. 
Tədbir çərçivəsində Dövlət Uşaq Filarmoniyasının şagirdlərinin faciəni əks etdirən rəsmləri sərgilənib.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 18.01.2016

Son xəbərlər