Bilik Fondu Nardaran məktəbliləri üçün ekskursiya təşkil edib (FOTOLAR)


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Sabunçu rayonundakı Nardaran qəsəbə 295 nömrəli tam orta məktəbin şagird və müəllim kollektivi AMEA-nın qonağı olub. 
Nardaran məktəbliləri AMEA-nın 70 illik yubileyi ilə əlaqədar olaraq, Milli Elmlər Akademiyasının elmi bölmələri və institutlarının keçirdiyi sərgidə iştirak ediblər. Şagirdlərə bölmə və institutların fəaliyyəti, AMEA-nın Azərbaycan elminin inkişafında oynadığı rol barədə geniş bilgilər verilib. 
Sərgi şagirdlərin böyük marağına səbəb olub, onlar alimlərlə ünsiyyət yaradıb, sullarına cavablar alıblar. 
10-cu sinif şagirdi Məmmədəli Əzimov kimya fənninə maraq göstərdiyi üçün bu sahə üzrə əldə olunan nəaliyyətlər haqqında yeni bilgilər öyrəndiyini deyib. 9-cu sinif şagirdi Leyla Yarəliyeva tarixçi olmaq istəyir. Leyla qeyd edib ki, tarixçi alimdən eşitdikləri onun üçün dəyərli məlumatdır. 10-cu sinif şagirdi Akif Cəbrayılov da Azərbaycanın tarixini dərindən öyrənməyə meyl göstərir. Məktəbli onu maraqlandıran suallara cavab aldığını deyib. Məktəbin tarix müəllimi Dilguşə Fətəliyeva AMEA-nın keçirdiyi sərgi ilə tanışlıqdan məmnun qaldığını vurğulayır.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun sözlərinə görə, alimlərlə məktəblilərin ünsiyyəti çərçivəsində həyata keçirilən bu layihə elmin təbliği və elmi biliklərin yayılması məqsədi daşıyır: "Layihəmiz davamlı olacaq. Məktəblərdə, xüsusən Nardaranda fəaliyyət göstərən təhsil ocaqlarında alimlərin ustad dərslərini təşkil etməyi planlaşdırırıq. Bilik Fondunun "Ustad-şəyird” layihəsi var, bu layihə çərçivəsində şagirdlərdə elmə erkən həvəs oyatmağa çalışırıq". Bilik Fondunin icarçı direktoru məktəbliləri əmin edib ki, belə tədbirlər mütamadi olaraq keçiriləcək. 
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tanınmış alimlərin kitablarlı ilə tanış olan şagirdlər zəngin məlumat alıblar. 
Nardaran məktəbliləri "Tusi-Bohm" Planetariumda əsrarəngiz mənzərə ilə qarşılaşıblar. Onları səmimiyyətlə qarşılayan Planetariumun meneceri Famil Mustafa şagirdlər arasında astronomiyaya dair müsabiqə keçirib. Daha çox fərqlənən 10-cu sinif şagirdi Laləyə "Tusi-Bohm" Planetariumun hədiyyəsi təqdim edilib. Kainatın yaranması haqında film Nardaran məktəblilərinin böyük marağına səbəb olub.


Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 26.01.2016

Son xəbərlər