Maarifçilik işığına uzanan yol - Nardaran


Nardaran məktəbliləri və ziyalıları Multikulturalizm Mərkəzinin və 
Bilik Fondunun layihələrinə qatılırlar

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi paytaxt və bölgələrlə yanaşı, Bakıətrafı qəsəbələrdə, kəndlərdə də maarifləndirmə sahəsində silsilə tədbirlər həyata keçirir. Belə layihələr Maştağa, Nardaran, Bilgəh, Fatmayı, Kürdəxanı, Saray qəsəbələrini, Digah, Balaxanı, Bülbülə, Qala, Qobu həmçinin başqa qəsəbə və kəndləri də əhatə edəcək. 
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Sabunçu rayonunun Nardaran qəsəbəsində bir qrup dindar və ağsaqqallarla görüşdülər. Görüşdə Nardaran ağsaqqallarını maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Bu istiqamətin davamı olaraq, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və aparat rəhbəri İsaxan Vəliyev Nardaran qəsəbəsində yerləşən 295 nömrəli tam orta məktəbdə oldular. 
Məktəbin müəllim və şagird kollektivinə Bilik Fondunun həyata keçirdiyi layihələrlə bağlı ətraflı məlumat verildi. 
Fondun fəaliyyətini yaxından izlədiyini vurğulayan direktor Dilarə Cəbrayılova şagirdlərin “Qardaşlaşmış məktəblər” layihəsində iştirak etmək arzusunda olduqlarını dilə gətirdi: “Biz Bilik Fondunun, Multikulturalizm Mərkəzinin həyata keçirdiyi layihələri yaxından izləyirik. Belə maarifçilik tədbirləri gənclərin və yeniyetmələrin həyatında stimulverici rola malikdir, onların dünyagörüşünün inkişafina, dəyərli vətəndaş kimi yetişməsinə, dövlətçilik və azərbaycançılıq məfkurəsinin aşılanmasına böyük təkandır”. 
Bundan öncə Nardaran məktəbliləri 10-12 dekabrda AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Bilik Fondunun təşkilatçılığı ilə keçirilmiş “Kitabi-Dədə Qorqud” və H.Fridrix fon Dits – 200” Beynəlxalq Şagird Konfransında fəal iştirak etmişdilər. Görüşdə Beynəlxalq Şagird Konfransının iştirakçıları olan məktəblilərə təşəkkürnamələr verildi.

Nardaranın şagird və müəllim kollektivi alimlərlə bir arada

Nardaran məktəblilərinin bilik marşrutu Azərbaycan Milli Elmlər Akademiyasından keçdi. Bilik Fondu və AMEA-nın birgə təşkilatçılığı ilə Nardaran məktəbliləri, o cümlədən müəllimlərindən ibarət qrup AMEA-nın qonağı oldu. 
Nardaran məktəbliləri AMEA-nın 70 illik yubileyi ilə əlaqədar, elmi bölmələr və institutların keçirdiyi sərgidə iştirak etdilər. Şagirdlərə bölmə və institutların fəaliyyəti, AMEA-nın Azərbaycan elminin inkişafında oynadığı rol barədə geniş bilgilər verildi. Sərgi şagirdlərin böyük marağına səbəb oldu, onlar alimlərlə ünsiyyət yaratdılar, sullarına cavablar aldılar. Məktəbin tarix müəllimi Dilguşə Fətəliyeva AMEA-nın keçirdiyi sərgi ilə tanışlıqdan məmnun qaldığını vurğuladı.
Bilik Fondunun icraçı direktoru O.Səmədov mətbuata açıqlamasında bildirdi ki, alimlərlə məktəblilərin ünsiyyəti çərçivəsində həyata keçirilən bu layihə elmin təbliği və elmi biliklərin yayılması məqsədi daşıyır: "Layihəmiz davamlı olacaq. Məktəblərdə, xüsusən Nardaranda fəaliyyət göstərən təhsil ocaqlarında alimlərin ustad dərslərini təşkil etməyi planlaşdırırıq”.
Nardaran məktəbliləri "Tusi-Bohm" Planetariumda əsrarəngiz mənzərə ilə qarşılaşdılar, şagirdlər arasında astronomiyaya dair müsabiqə keçirildi. Kainatın yaranması haqqında film onların böyük marağına səbəb oldu.

Kamal Abdullayev: “Azərbaycanda işıqlı gənclər yetişir”
Təşkilatçılar Nardaran məktəblilərini paytaxtın tarixi abidələri ilə də tanış etdilər. Şagirdlər və ziyalılardan ibarət bir qrup Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları ilə birgə şəhər gəzintisinə çıxdılar. Qəsəbə məktəbliləri və müəllim kollektivi İçəri Şəhər, Qız qalası, Şirvanşahlar sarayı, Art qalereya, Miniatür Kitab Muzeyi ilə tanış oldular. Təəssüratlarını KİV nümayəndələri ilə bölüşən şagirdlər ekskursiyadan zövq aldıqlarını, xeyli yeni məlumatlar öyrəndiklərini həvəslə dilə gətirdilər. 
Sonra Nardaran məktəbliləri və ziyalıları Multikulturalizm Mərkəzində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevlə görüşdülər. Dövlət müşaviri tədbir iştirakçılarına ölkədə gedən inkişaf və quruculuq işləri barədə məlumat verdi: “Bütün bunlar xalqımızın canında-qanında olan yaratmaq həvəsi və Prezident İlham Əliyevin bu yaratmaq prosesinə rəvac verməsi nəticəsində mümkün olur”.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsini xatırladan dövlət müşaviri belə görüşlərin vacibliyini vurğuladı: “Belə görüşlərdə hər dəfə əmin oluram ki, Azərbaycanda işıqlı gənclər yetişir. İnanıram ki, belə tədbirlər ölkəmizin gözəl guşələrindən olan Nardaran kimi bölgələrimizdə Azərbaycan naminə mənəviyyatımızın, mədəniyyətimizin, dilimizin, ədəbiyyatımızın inkişafına öz töhfəsini verəcək. Bu tədbirlər, görüşlər birdəfəlik xarakter daşımır. Bu görüş ilə bir növ gələcək tədbirlərə lağım atdıq. Güman edirəm ki, hər dəfə də Azərbaycan naminə faydalı işlərə başlayacağıq”. 
Akademik tədbir iştirakçılarına yaxın gələcəkdə qəsəbədə “Bilik Evi”nin fəaliyyətə başlayacağını bildirdi. Bundan başqa, Bilik Fondunun “Ustad və şəyird” layihəsi çərçivəsində Nardaranlı gənclərin istəyi ilə avtomobillərə texniki xidmət üzrə mütəxəssis hazırlığı kursuna başlanması nəzərdə tutulur. 
Nardaran məktəbliləri görüş iştirakçılarına bədii-musiqili kompozisiya təqdim etdilər. Nardaran qəsəbəsindəki 130 nömrəli tam orta məktəbin direktoru Ağasəid Orucov görüşlə bağlı təəssüratlarını bölüşərək dövlət qurumlarında belə tədbirlərin təşkilinin böyük əhəmiyyət daşıdığını vurğuladı: “Şagirdlərimiz və yerli ziyalılar belə görüşlərdən ruhlanaraq dövlətimizin diqqət və qayğısını daha da dərindən hiss edirlər. Gənclərin hərtərəfli inkişafında bu cür layihələrin rolu çox böyükdür”. 
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin təşəbbüsü ilə Bakıətrafı qəsəbə və kəndlərdə maarifəndirmə tədbirləri müxtəlif səpkili layihələrlə davam etdiriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 02.02.2016

Son xəbərlər