Jurnalist olmaq istəyən abituriyentlərə videokonfrans


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində “Yazmağı bacaracaqsan” layihəsi üzrə növbəti videokonfrans keçirib. 
Videokonfransda Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova, aparıcı məsləhətçi Ramilə Qurbanlı, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının aparıcı məsləhətçisi Xanlar Xanlarzadə iştirak ediblər. 
Gəncə, Qəbələ, Lənkəran, Bərdə, Mingəçevir, Sumqayıtdan olan təhsil işçiləri və şagirdlər videokonfransa onlayn formada qoşulublar. Videokonfransda məktəblilərə qabiliyyət imtahanının şərtləri, qarşıya qoyulan tələblər haqqında ətraflı məlumat verilib, jurnalist ixtisasına yiyələnmək istəyən gənclərin sualları cavablandırılıb. Bölgələrdə jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı barədə az məlumatlı olduqlarını nəzərə çatdıran abituriyentlər belə videokonfransların tez-tez keçirilməsini arzuladıqlarını bildiriblər. 
Bilik Fondu artıq iki ildir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının dəstəyi ilə “İlboyu bilik” proqramı üzrə “Yazmağı bacaracaqsan” layihəsini davam etdirir. 
Layihə çərçivəsində jurnalist ixtisasına yiyələnmək istəyən abituriyentlərə ödənişsiz kurslar təşkil edilir. Kurslarda jurnalist olmaq istəyən gənclərə qabiliyyət imtahanında uğur qazanmaq üçün esse yazmağın yolları barədə məlumat verilir, abituriyentlərin tanınmış jurnalistlərlə görüşü təşkil edilir.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 17.03.2016

Son xəbərlər