Heydər Əliyev Azərbaycan xalqının milli iftixarıdır


Bütün ömrünü dövlətimizin möhkəmlənməsinə, gələcək inkişafına sərf etmiş, əməlləri ilə xalqın sonsuz məhəbbətini qazanmış, bu günkü müstəqil, müasir, azad və firavan Azərbaycanın qurucusuna çevrilmiş Ulu öndər Heydər Əliyev haqqında danışmaq hər bir azərbaycanlıda təbii qürur hissi doğurur. İndi dünyanın harasında olursa-olsun Heydər Əliyev deyiləndə Azərbaycan, Azərbaycan deyiləndə Heydər Əliyev şəxsiyyəti gözlər önünə gəlir.

Tarixdə elə şəxsiyyətlər olmuşdur ki, onlar yalnız öz zəmanəsinin qəhrəmanı olmaqla kifayətlənməyib, millətinin bütün gələcəyi üçün bir məşələ çevrilmişdir. Onun böyük qürurla söylədiyi - “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” - sözləri bu böyük şəxsiyyətin, bu böyük insanın öz xalqına öz torpağına nə qədər bağlı olduğunu bir daha təsdiq edir. Həzrəti Məhəmməd əleyhissalamın hədislərinin birində buyurulur ki; “Həqiqət o deyil ki, onu yalnız sən təsdiq edirsən, həqiqət odur ki, onu sənin düşmənlərin də etiraf edir”. Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü yalnız Azərbaycan xalqı deyil, hətta onun uğurlarına sevinməyənlər belə etiraf edir. Heydər Əliyevin həyat və fəaliyyəti çoxlarına məlumdur. Lakin böyük tərbiyəvi əhəmiyyət daşıyan, ibrət dolu bu tarixi dönə-dönə öyrənmək, dünənimizə verdiyimiz qiymət olmaqla bərabər, həm də gələcəyə olan yolumuzu qərarlaşdırır - “Heydər Əliyev kimi yaşamalı, onun kimi bu vətəni sevməli”.


Heydər Əliyev 1923- cü il mayın 10-da Naxçıvanda sadə bir əməkçi ailəsində dünyaya göz açdı. Hələ orta məktəbin ilk illərindən onun qeyri-adi istedadı müəllimlərində gələcəyinə böyük inam yaradırdı. 1939-cu ildə o, Naxçıvan Pedaqoji texnikumunu Fərqlənmə ilə bitirərək böyük şəhərə, Bakıya gəlir və burada Azərbaycan Dövlət Neft Akademiyasının memarlıq fakültəsinə daxil olur. Lakin faşist Almaniyası ilə müharibənin başlanması onu təhsilini yarımçıq qoymağa vadar etdi və Heydər Əliyev Naxçıvana qayıdaraq burada Xalq Daxili İşlər Komissarlığında şöbə müdiri vəzifəsində, 1944-cü ildən isə Dövlət Təhlükəsizlik orqanlarında əməliyyatçı kimi fəaliyyətini davam etdirir. İşində ciddiliyi, prinsipiallığı və obyektivliyi nəticəsində 1964-cü ildə DTK-nin sədr müavini və 1967-ci ildən sədri vəzifəsinə irəli çəkilir. Heydər Əliyev ilk azərbaycanlı idi ki, general-mayor rütbəsində bu vəzifəni icra edirdi. Həmin illərdə H.Əliyev Leninqradda xüsusi ali məktəbi və Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini Fərqlənmə diplomları ilə bitirir. Azərbaycan KP MK-nın 1969-cu il iyul Plenumunda Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildi. Əslində bu tarix Azərbaycan tarixində yeni dövrün, yeni mərhələnin əsasını qoydu. Tarixi faktlar göstərir ki, 60-cı illərdə də Azərbaycanın əhalisi və ərazisi qonşu Gürcüstan və Ermənistandan çoxluq təşkil etdiyi halda SSRİ Dövlət Plan Komitəsi tərəfindən bu respublikaya ayrılan büdcənin həcmi nəinki artıq deyildi, əksinə bir sıra hallarda azlıq təşkil edirdi. Heydər Əliyevin prinsipial mövqeyi sayəsində 1970-ci ildən başlayaraq bu ədalətsizliyə son qoyuldu. Sonralar SSRİ Dövlət plan komitəsinin sədri işləmiş N.K. Baybakov deyirdi: “mən Heydər Əliyev qədər xalqına bağlı olan, onun üçün çalışan ikinci bir şəxs tanımıram”. 1969-cu ilin sonunda Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi ilə əlaqədar keçirilən rəsmi tədbirdə Azərbaycan rəhbərləri içərisində Heydər Əliyev ilk dəfə olaraq ana dilində - Azərbaycan dilində çıxış etdi. Əslində bu çıxışla o, Azərbaycan dilinin müdafiəsini, onun inkişaf perspektivlərini müəyyənləşdirdi. Bu dövrdə Heydər Əliyev tez-tez Azərbaycan şair və yazıçılarının, elm və sənət adamlarının yubileylərini keçirir, onları mükafatlandırır və yeni yaradıcılığa ruhlandırırdı. Məqsəd tamamilə aydın idi. Heydər Əliyev milli ədəbiyyatımızın böyüklüyünü nümayiş etdirir, dilimizin zənginliyini təqdim edirdi. Məhz bu təməllər əsasında 1978-ci ildə Azərbaycan SSR Konstitusiyası qəbul edilərkən Azərbaycan dilinin dövlət dili kimi əks olunmasına nail olundu. Etiraf edək ki, o dövrdə dilimizə xor baxanlar, onu ikinci dərəcəli dil hesab edənlər də az deyildi. 1960-cı illərdə Azərbaycandan kənara təhsil almağa göndərilən gənclərin sayı olduqca az idi. Məsələn, 1969-cu ildə başqa ölkələrə təhsil almağa göndərilən gənclərin sayı cəmi 47 nəfər idi ki, onların da mütləq əksəriyyətini qeyri-azərbaycanlılar təşkil edirdi. Heydər Əliyevin cəsarəti və prinsipiallığı nəticəsində 1980-cı ilin əvvəli üçün bu rəqəm 1400-ə çatdırıldı. 1971-ci il iyunun 20-də azərbaycanlı gənclərdən zabit kadrları hazırlanmasında böyük rolu olan C.Naxçıvanski adına Respublika Orta ixtisaslaşdırılmış internat məktəbi açıldı. Heydər Əliyevin qətiyyəti nəticəsində bu məktəbə hər il İran islam Respublikasında yaşayan on nəfər azərbaycanlı da qəbul olunurdu. Təsəvvür edin ki, belə bir razılığın əldə olunması üçün Sov. İKP MK-nın müsbət rəyi tələb olunurdu. Bu böyük insan nəinki Azərbaycan Respublikasında yaşayan gənclərin, həmçinin bütün dünyada yaşayan azərbaycanlıların xoş gələcəyi naminə ən kiçik imkanlardan belə səmərəli istifadə edirdi. Onun bütün azərbaycanlıları bir amal uğrunda birləşdirmək arzuları isə əsrin sonlarına qismət oldu. Ulu öndərin qayğısı nəticəsi idi ki, təkcə 1980-cı ildə min nəfərə qədər gənc azərbaycanlı oğlan SSRİ-nin müxtəlif ali hərbi məktəblərinə təhsil almağa göndərilmişdi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illər Respublikamız üçün tikinti və quruculuq illəri kimi yaddaşlarda qaldı. Bu dövrdə 313 yeni sənaye müəssisəsi tikilib istifadəyə verildi. Kənd təsərrüfatının müxtəlif sahələrindəki inkişafına görə Azərbaycan ardıcıl olaraq on iki dəfə SSRİ sosializm yarışının qalibi adını aldı. Burada Heydər Əliyevin başlıca məqsədi Azərbaycanı tanıtmaq, onun nüfuzunu qaldırmaq idi. Etiraf edək ki, XX əsrin 70-ci illərinə qədər nəinki dünya ölkələrinin əksəriyyəti, hətta SSRİ Respublikalarının çoxunda belə, Azərbaycan dedikdə yalnız Bakı və onun nefti başa düşülür, çox yerdə isə azərbaycanlılar başqa adlarla tanınırdı. Bu gün isə Azərbaycan dünyanın ən sayılıb- seçilən, hörmət və ehtiramla adı çəkilən ölkələrdən birinə çevrilib, onun təməlini isə Ulu öndər Heydər Əliyev qoymuşdur. XX əsrin 70-ci illərinin əvvələrində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayəti ilə əlaqədar qondarma problem ortaya atılarkən Heydər Əliyevin qətiyyətli mövqeyi bu avantüranın qarşısını aldı və hələ o zaman ermənilər və onların xaircdəki havadarları, erməni lobbisi anladı kı, nə qədər ki, Heydər Əliyev bu ölkəyə rəhbərlik edir, həmin xülyalar elə xülya olaraq da qalacaqdır. 1976-cı ildə H.Əliyev Sovet İKP MK siyasi bürosunun üzvlüyünə namizəd seçildi. 1982-ci il noyabrın 22-də isə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sov. İKP MK siyasi bürosunun üzvü oldu. O vaxt SSRİ Nazirlər Soveti sədrinin on iki müavini var idi və yalnız H.Əliyev birinci muavin idi. Bu isə o demək idi ki, dünyanın iki siyasi mərkəzindən birində Heydər Əliyev ən azı üç və ya dördüncü adam idi. H.Əliyev öz işgüzarlığı, peşəkarlığı, insanlarla qarşılıqı ünsiyyət qurmaq bacarığı sayəsində 1983-cü il üçün SSRİ-də hakimiyyətə ən real namizəd idi. O dövr SSRİ Xarici işlər naziri işləyən A.Qromıko deyirdi: “bizim Siyasi büroda üç adam nisbətən cavandır: Romanov, Qorbaçov və Əliyev. Axırıncı mənə daha xoş gəlir. Əliyev gözəl təşkilatçıdır, təmiz və ləyaqətli adamdır”. Lakin hakimiyyət başına gələn M.Qorbaçov elə ilk günlərdən Heydər Əliyev şəxsiyyəti qarşısında acizliyini görərək hər vəchlə onu uzaqlaşdırmaq siyasətinə başlayır. Bu işdə M.Qorbaçova erməni dostları da xüsusi canfəşanlıqla köməklik göstərirdilər. Qorbaçov komandasının riyakar siyasətinin nəticəsi idi ki, ölkədə türkdilli rəhbərlər rusdilli və ya ruslarla əvəz edilirdi. Qazaxıstanda Kunayevə qarşı, Kabardin-Balkar Muxtar Respublikasında Malbaxova qarşı və.s hadisələr bunu bir daha təsdiq edir. Nəhayət, 1987-ci ilin oktyabrında H.Əliyev tutduğu vəzifələrdən uzaqlaşdırıldı və cəmi bir ay sonra Qorbaçovun yaxın adamı olan Abel Aqambekyan noyabrın 17-də “Humanite” qəzetinə verdiyi müsahibəsində Dağlıq Qarabağın Ermənistana verilməsinin məqsədəuyğun olması və bu barədə dövlət başçısına təklif verdiyi bildirildi. Qorbaçovun erməniləri dəstəkləməsi nəticəsində onlar 1988-ci ilin fevralından açıq fəaliyyətə keçdilər. O zaman Azərbaycan KP MK-nın birinci katibi işləyən K.Bağırov dövlətin və xalqın mənafeyini müdafiə edə bilmədi. Sovet xüsusi xidmət orqanları erməni təxribatçıları ilə birlikdə Sumqayıt hadisələrini törətdi. Qısa zaman ərzində əzəli Azərbaycan torpaqları olan Zəngəzur, Göyçə, Qafan mahalında 215 Azərbaycan kənd və qəsəbəsi zorla boşaldıldı, yüzlərlə insan yandırıldı, güllələndi, öldürüldü. M.Qorbaçovun rəhbərliyi ilə H.Əliyevin fiziki cəhətdən məhvi planı ona qarşı şər və böhtan kompaniyası ilə müşayət olunurdu. Sonralar Heydər Əliyev özü deyirdi: “acınacaqlı o idi ki, 30 ilə yaxın sıralarında çalışdığı Dövlət Təhlükəsizlik Komitəsi indi onu quruluş əleyhinə olan bir şəxs kimi təqib etməyə başlamışdı”.


1988-ci ilin mayında Ə.Vəzirovun Azərbaycanda hakimiyyətə gətirilməsindən sonra bu proses daha da sürətləndi. 1989-cu il aprelin 24- də, xahiş edirəm bu tarixə xüsusi diqqət yetirin, 24 apreldə Heydər Əliyev “səhhətindəki problemlərlə əlaqədar” Sov. İKP MK üzvlüyündən də azad edildi. Lakin bütün bu təqiblər böyük həyat görmüş, siyasi mübarizələrdə əzmkarlıq və cəsarət göstərmiş siyasi lideri öz yolundan döndərə bilmədi. Azərbaycan xalqı fitnəkar siyasətin mahiyyətini yaxşı başa düşürdü. H.Əliyevin müdafiəsi və respublikanın ərazi bütövlüyünün qorunması xalqın həyati məsələsinə çevrilirdi. Heydər Əliyevin xoşbəxtliyi də məhz bunda idi. Bununla barışmaq istəməyən M.Qorbaçov 1990-cı ilin yanvarında görünməmiş cinayətə əl atdı. Yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordu hissələri Bakıya müdaxilə edərək dinc əhaliyə divan tutdu. Bu hadisə tarixə “qanlı yanvar” kimi daxil oldu. O zaman Moskvada olan Ulu öndər həyatını təhlükəyə qoyaraq İlham Əliyevlə birlikdə yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək jurnalistlər və ictimaiyyət nümayəndələri qarşısında bəyanat verdi. Yanvar hadisələrindən sonra Bakıdan qaçan Ə.Vəzirovu A.Mütəllibov əvəz etdi. Heydər Əliyevə, bu böyük şəxsiyyətə qarşı təqiblər daha da gücləndi. Lakin artıq vəziyyət dəyişmişdi. Xalq öz müdrik oğluna inanır və qətiyyətlə onu tələb edirdi. Heydər Əliyev 1990-cı il iyulun 20-də təyyarə ilə Bakıya gəldi və bu qayıdış xalqın inamını artırdı. İyulun 22-də isə Naxçıvanın mərkəzi meydanında 80 mindən çox insan onun görüşünə çıxdı. 1990-cı il sentyabrın 30-da H.Əliyev Azərbaycan SSR Ali Sovetinə deputat seçildi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Soveti işə başlayarkən Heydər Əliyev sessiyanın sədri seçildi və Muxtar Respublika adından “Sovet Sosialist” sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Dövlət bayrağı kimi qəbul edilməsi, Ali Sovetin Ali Məclis adlandırılması qərara alındı. Noyabrın 21-də isə ilk dəfə olaraq 20 yanvar faciəsinə siyasi qiymət verildi. 1991-ci il sentyabrın 4-də Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri seçildi. 1992-ci il iyunda Ə.Elçibəy prezident seçildi. Lakin ölkə vətəndaş müharibəsinə doğru gedirdi. Azərbaycanın bir dövlət kimi varlığı təhlükə altında idi. Məhz o zaman, 1992-ci ilin oktyabrında bir qrup ziyalı Heydər Əliyevə “Biz sizi çağırırıq !” başlığı altında müraciət etdi. 1993-cü ilin başlanğıcı üçün ölkə vətəndaş müharibəsı, parçalanmaq, bir dövlət kimi varlığını itirmək astanasında idi. Xalq nicat yolunu yalnız bu Böyük insanda görürdü. 1993-cü il iyunun 15-də O, Ali Sovetə Sədr seçildi. 1993-cü il oktyabrın 3-də isə Ümumxalq referendumunda xalq öz gerçək liderini Prezident seçdi. İqtisadiyyatın tamamilə bərbad hala düşdüyü, bir-birinin ardınca iki dövlət çevrilişi cəhdinin baş verdiyi bir zamanda Heydər dühası xalqı bəladan xilas etdi. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Demokratik Konstitusiyası qəbul edildi. Hüquqi, sosial, aqrar islahatlar həyata keçirildi. Azərbaycanın gələcək taleyində müstəsna rol oynayacaq Neft strategiyası qəbul edildi.

Bu gün Azərbaycan hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev siyasətini uğurla davam etdirir. Azərbaycanın nüfuzu getdikcə artır, insanlarımızın rifahı yaxşılaşır. İndi dünyanın doxsana yaxın ölkəsində Azərbaycanın səfirlikləri fəaliyyət göstərir. İqtisadi, sosial sferalarda həyata keçirilən uğurlu islahatlar, ölkəmizin müdafiə qüdrətinin möhkəmləndirilməsi sahəsində gerçəkləşən məqsədyönlü tədbirlər, xarici siyasətdəki balanslaşdırılmış mövqe Azərbaycanı regionun ən qüdrətli dövlətinə çevirmişdir. Dünyanın ən mötəbər tədbirlərinə ardıcıl olaraq Azərbaycanın ev sahibliyi etməsi hamımızda böyük qürur hissi doğurur. Multikulturalizmin həyat tərzinə və dövlət siyasətinə çevrildiyi Azərbaycan indi düyanın ən tolerant ölkəsinə çevrilmişdir. Ölkəmizdə aparılan bu böyük quruculuq işlərində başda Azərbaycanın birinci xanımı hörmətli Mehriban xanım olmaqla Heydər Əliyev Fondunun gördüyü işləri məmnunluqla qeyd etmək lazımdır.

Heydər Əliyevin ideyaları Azərbaycan tarixinə əbədi yol salmışdır və heç bir qüvvə onu sarsıda bilməz. Xalqımız həmişə olduğu kimi bu gün də öz böyük oğlunu iftixar və qürurla yad edir.

 

Yazı "İki sahil" qəzetində dərc olunub.

 Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun

 Baş mütəxəssisi Vidadi Rzayev

 

Tarix: 10.05.2016

Son xəbərlər