"Formula-1" yarışlarının təbliğatı Bakı Ali Neft Məktəbində aparıldı


17-19 iyunda Azərbaycanda keçiriləcək "Avropa Qran Pri Bakı" (Formula 1, Grand Prix of Europe) adı altında "Formula-1" yarışlarının təhsil ocaqlarında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin birgə təşkilatçılığı təqdimatları davam edir.

İlk təqdimat mayın 11-də Qafqaz Universitetində olub. Növbəti görüş bu gün Bakı Ali Neft Məktətəbinin tələbələri ilə keçirilib.

Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı qonaqları salamlayaraq Azərbaycanın son illər bir sıra mötəbər yarışlara və müsabiqələrə uğurla ev sahibliyi etməsini ölkəmizin tanınması və beynəlxalq arenada müsbət imicinin möhkəmlənməsi yolunda atılan addım kimi dəyərləndirib. Tədbirdə Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Riyad Məmmədzadə və Perspektiv inkişaf və layihələrin monitorinqi qrupunun aparıcı məsləhətçisi Almaz Axundova iştirak ediblər.

"Formula - 1" yarışlarının Bakı Fan Klubunun rəhbəri Rəhim Əliyev “Formula -1” yarışları haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, 21 ölkənin ev sahibliyi etdiyi “Formula -1” yarışları içərisində sayca 8-ci Qran Pri olan Bakı Avropa Qran Prisi öz unikallığı ilə seçiləcək. Yarış boyu avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək, paytaxtımızın qədim incisi olan İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edəcək. “Formula - 1” yarışlarının 500 milyondan çox televiziya tamaşaçısı olduğunu və yarış müddətində “Formula - 1” fanatlarının diqqətinin Bakıya yönələcəyini bildirən R.Əliyev Azərbaycan paytaxtının dünyanın diqqət mərkəzində olacağını vurğulayıb. 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun

İnformasiya təminatı sektoru

 

Tarix: 12.05.2016

Son xəbərlər