"Dədə Qorqud ruhu Qarabağda yaşayır" elmi turu Bərdədə


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun, Bakı Slavyan Universitetinin və Bərdə, Ağcabədi, Beyləqan rayon icra hakimiyyətlərinin təşkilatçılığı ilə “Dədə Qorqud ruhu Qarabağda yaşayır” adlı elmi tur təşkil olunub.

AZƏRTAC xəbər verir ki, alimlərin, tələblərin, şagirdlərin və ictimaiyyət nümayəndələrinin daxil olduğu tur iştirakçıları əvvəlcə Bərdə şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyublar. Sonra Heydər Əliyev Mərkəzində “Bərdə Kitabi-Dədə Qorqud”da və Qafqaz Albaniyasının tarixində” mövzusunda “dəyirmi masa” keçirilib.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı, tarix üzrə fəlsəfə doktoru Vidadi İsayev iştirakçıları salamlayıb, elmi turun əhəmiyyətini yüksək qiymətləndirib.

Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdullanın moderatorluğu ilə keçirilən tədbirdə tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev, tarix elmləri doktoru Qasım Hacıyev, filologiya elmləri üzrə fəlsəfə doktoru Ləman Süleymanova və başqaları çıxış edərək, Bərdənin qədim tarixindən, günümüzədək gəlib çatan abidələrdən, arxeoloji tədqiqatlardan, Qarabağ folklorundan bəhs ediblər.

Diskussiya şəklində davam edən “dəyirmi masa”da bərdəli ziyalılar fəal iştirak ediblər. "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" və 25 dildə nəşr olunmuş “Kitabi-Dədə Qorqud”. Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitablarının nüsxələri rayon icra hakimiyyətinə, Heydər Əliyev Mərkəzinə hədiyyə edilib.

Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Fəqət Şadlinskaya tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Sonra tur iştirakçıları İmamzadə kompleksi, Bərdə türbəsi, tarix-diyarşünaslıq muzeyi və şəhərin görməli yerləri ilə tanış olublar. Bərdə şəhər Cümə məscidinin axundu hacı Ramazan Hüseynov qonaqlara abidələr barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dini abidələrdə tarixin izləri” proqramı çərçivəsində İmamzadə kompleksinin ümumi görünüşünə heç bir müdaxilə edilmədən yerli ustalar tərəfindən abadlaşdırma işləri aparılıb. XVII-XIX əsrlərə aid ərəb və fars dillərində qəbirüstü yazılar və daş kitabənin mətni dilimizə tərcümə olunaraq dəmir lövhəyə köçürülüb. Azərbaycan Milli Elmlər Akademiyası və Bərdə Rayon İcra Hakimiyyəti ilə birlikdə 2 elmi konfrans və “dəyirmi masa” keçirilib. “Bərdə və Bərdə İmamzadəsi” sənədli filmi çəkilib. Bilik Fondu tərəfindən “Məscid kitabxanası” layihəsi çərçivəsində İmamzadə kompleksinə 200 adda kitab hədiyyə edilib.

Elmi turun iştirakçıları aprelin 2-5-də Ermənistan silahlı qüvvələrinə qarşı döyüşlərdə şəhid olmuş iki bərdəli gəncin – Azərbaycan ordusunun baş leytenantı Həsənov Ziya Niyazi oğlunun və çavuş Musayev Səbuhi Rəfail oğlunun ailə üzvləri ilə görüşüb, ölkə alimlərinin, ziyalı və tələbə gənclərin böyük hörmət və ehtiramını bildiriblər.

Axşam saatlarında tələbələrin və bərdəli gənclərin “Kitabi-Dədə Qorqud” və Qafqaz Albaniyasının tarixi” mövzusunda bilik yarışması təşkil olunub. Qaliblərə kitablar hədiyyə edilib.

Bərdə, 14 may, Tahir Ağaməmmədov, AZƏRTAC

http://azertag.az/xeber/Elmi_tur_Dede_Qorqud_ruhu_Qarabagda_yasayir-951546

 

Tarix: 16.05.2016

Son xəbərlər