Bilik Fondu Qaradağ məktəblilərini Hərb Tarixi Muzeyinə apardı


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu mütəmadi olaraq, ali məktəb tələbələrinin və orta məktəb şagirdlərinin Hərb Tarixi Muzeyinə ekskursiyalarını təşkil edir.

Bu tədbirlər gənclərin hərb tariximizi əyani surətdə öyrənmələrinə kömək edir, onlarda vətənpərvərlik duyğularının artmasına zəmin yaradır.

Bu dəfə Fond Qaradağ rayonu 139 nömrəli tam orta məktəbin X sinif şagirdlərini hərb tariximizlə yaxından tanış etdi. Muzeyin hərb tariximizin ayrı-ayrı dövrlərini özündə etiva edən geniş zallarında Səfəvi dövlətindən tutmuş bu günə qədər hərb tariximiz əyani vasitələrlə “yazılıb”.

Şagirdlər muzey bələdçiləri vasitəsi ilə Azərbaycanın dövlətçilik tarixinə öz adlarını yazmış hərb generallarımız haqqında da müfəssəl məlumat ala bildilər. Onlar muzeyin həyətindəki canlı döyüş texnikaları barədə də ətraflı öyrənə bildilər. Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun və Qarabağ döyüşlərində şəhid olan, Milli Qəhrəmanı Albert Aqarunovun idarə etdiyi tankları görmələri, hər iki qəhrəmanın döyüş yolu haqqnda bələdçinin dedikləri ziyarətçilərin bilgilərini zənginləşdirdi.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun

Informasiya təminatı sektoru

Tarix: 17.05.2016

Son xəbərlər