Bilik Fondu cəzaçəkmə müəssisələrində məhkumlarla görüş keçirdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 26 iyun -“Narkomaniya və Narkobizneslə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar silsilə maarifləndirici görüşlər, dəyirmi masalar həyata keçirir. 

Tədbirlər planına uyğun olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə və tərbiyə müəssisələrində hüquqşünas alimlərin və həkim-narkoloqun iştirakı ilə məhkumlarla görüş keçirilib. 
Görüşdə Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev, sektor müdiri Xatirə Hüseynova, “Daxili işlər orqanlarında inzibati fəaliyyət” kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru, polis polkovnik-leytenantı Rafiq Nəcəfquliyev, Dövlət Məşğulluq Xidmətinin sektor müdiri Siyafər Əhmədov, həkim-narkoloq Səbuhi Əliyev iştirak ediblər.

Fondun aparat rəhbəri İ.Vəliyev narkomaniyanın yol açdığı fəsadlar haqqında məhkumlara geniş məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sabitlik və əmin-amanlıq təmin edilməkdə, narkomaniya və narkobizneslə genişmiqyaslı və hərtərəfli mübarizə aparılmaqdadır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın 28 May - Respublika Günü münasibətilə “Amnistiya aktı haqqında” qanun layihəsinin qəbul olunması ilə bağlı parlamentə müraciət etməsini Ulu öndərin siyasətinin insanpərvərlik ənənələrinin təşviqi kimi dəyərləndirib. 
R.Nəcəfquliyev məhkumlar arasında narkomaniya ilə mübarizə, sağlam həyat tərzinə dair maarifləndirmə işinin həyata keçirilməsinin əhəmiyyətindən söhbət açıb. Bu sahədə maarifləndirmənin narkomaniya ilə mübarizədə ən güclü vasitə olduğu diqqətə çatdırılıb.

Sonda məhkumların fikirləri dinlənilib, onlara Bilik Fondunun hədiyyələri, o cümlədən bədii ədəbiyyat nümunələri təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektor

Tarix: 26.05.2016

Son xəbərlər