Dövlət müşaviri Ağcabədi, Tərtər və Naftalanda oldu


İyulun 8-də Ağcabədi rayon mədəniyyət evində “Multikulturalizm və kitab” mövzusunda zona konfransı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşri olan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının, “Multikulturalizm” jurnalının ilk nömrəsinin təqdimatı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Ağcabədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşan konfransda ətraf rayonlardan olan mədəniyyət işçiləri, kitabxanaçılar, ziyalılar, din xadimləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, “Multikulturalizm Azərbaycanın həyat tərzidir” adlı kitab sərgisi ilə tanış olublar.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov konfransı açaraq ölkəmizdə tarixən hökm sürən multikultural dəyərlərdən, ulu öndər Heydər Əliyevin tolerantlığı dövlət siyasətinə çevirməsindən, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxışında multikulturalizmin ölkəmizdə dövlət siyasətinin nümunəvi modeli olmasından bəhs edib. Bildirib ki, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı ölkəmizdə uzun tarixi dövr ərzində formalaşan multikulturalizmi özündə əks etdirir. Tezliklə ingilis və rus dillərində də çap olunacaq kitab Azərbaycan multikulturalizminin dünyaya çatdırılmasında mühüm rol oynayacaq.

Konfransda çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Ramazan bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, xalqımızın çoxəsrlik multikultural ənənələrindən danışıb. Bildirib ki, multikulturalizm başqa dinin, millətin nümayəndəsinə insani münasibət deməkdir. Bu dəyər Azərbaycan xalqına xas olan bir xüsusiyyətdir. Hələ Dədə Qorqud, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Abdulla Şaiq, Hüseyn Cavid kimi söz dühaları öz əsərlərində başqa dinin, millətin nümayəndələrinə böyük hörmət və ehtiramla yanaşıblar. Xalqımızın bədii söz ustalarının tarix boyu yazdığı multikultural düşüncələr, ideyalar, şeirlər, hekayələr “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabında özünə yer tapıb.

İlk nömrəsi çap olunan “Multikulturalizm” jurnalı haqqında danışan Kamal Abdullayev qeyd edib ki, jurnalda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının dərin məzmunlu, əhatəli məqalələri dərc olunub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Rəşad İlyasov bildirib ki, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından ilk nəşrdir. Hazırda bu seriyadan “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” və “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları” adlı kitablar da hazırlanır. Həmçinin “Azərbaycan multikulturalizmi” adlı dərsliyin də bilik gününədək başa çatdırılması nəzərdə tutulur.

Diqqətə çatdırılıb ki, hazırda dünyanın 13 ölkəsində və respublikamızın 28 ali təhsil müəssisəsində elmi redaktoru akademik Kamal Abdullayev olan “Azərbaycan multikulturalizminə giriş” fənni tədris olunur. Azərbaycanın iki universitetində multikulturalizm kafedrası yaradılıb.

Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci” qəzetin baş redaktoru Rəşad Məcid, Milli Məclisin deputatı Tahir Rzayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə üzrə şöbə müdiri Əlizadə Nəcəfov, “Multikulturalizm” jurnalının baş redaktoru Fəxri Uğurlu və başqaları çıxış edərək Azərbaycanda multikulturalizmin tarixi ənənəsi və xüsusiyyətlərindən, ölkəmizdə aparılan multikulturalizm siyasətindən danışıb, konfransın keçirilməsinin, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının, “Multikulturalizm” jurnalının nəşrinin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Konfransda Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycanda multikulturalizm” elektron məlumat bazası da təqdim edilib.

Daha sonra qonaqlar Ağcabədi cümə məscidində cümə namazına toplaşan rayon dindarları ilə görüşüb söhbət ediblər. Məsciddə yaradılan kitabxanaya “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı və “Multikulturalizm” jurnalı hədiyyə edilib.

Dövlət müşaviri, akademik Kamal Abdullayev Qarabağ bölgəsinə səfəri çərçivəsində iyulun 9-da təmas xəttində yerləşən Tərtər rayonunda olub.

Dövlət müşaviri və rayon icra hakimiyyətinin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək dəstələri qoyub, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.

Kamal Abdullayev rayon Cümə məscidində dindarlarla, ictimaiyyətin nümayəndələri ilə görüşüb, onları Ramazan bayramı münasibətilə təbrik edib. Kamal Abdullayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan əməli addımlar, banisi ulu öndər Heydər Əliyev olan Azərbaycan multikulturalizm siyasətinin Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilməsi, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması münasibətilə keçirilən tədbirlər, dövlət-din münasibətlərindən söhbət açıb. Qeyd olunub ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Tərtər Cümə məscidinin təmir olunması din xadimlərinə dövlət tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlət müşavirinə Tərtərdə aparılan tikinti-quruculuq işləri barədə məlumat verib, aprel döyüşlərində tərtərlilərin göstərdikləri qəhrəmanlıqlardan, Prezident İlham Əliyevin xanımı ilə rayona səfər edərək təmas xəttindən 200 metrlik məsafədə yerləşən Qapanlı kəndində əhali ilə görüşündən, düşmənin atəşi nəticəsində dağılmış evlərə baxış keçirməsindən, hərbi hissədə olmasından, cəbhə bölgəsinə göstərilən yüksək diqqət və qayğıdan bəhs edib.

Aprel döyüşlərində şəhid olmuş Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov görüşdə çıxış edərək işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına inandığını söyləyib.

Dövlət müşaviri Kamal Abdullayev Tərtər Cümə məscidinə və şəhid atası Bəhruz İsgəndərova “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını və yeni çap olunmuş “Multikulturalizm” jurnalının ilk nömrəsini hədiyyə edib.

 

Tahir Ağaməmmədov, AZƏRTAC

http://azertag.az/xeber/969177

http://azertag.az/xeber/969556

 

***

Azərbaycan Respublikasının millətlərarası,multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Ramazan bayramı münasibətilə Qarabağ bölgəsinə səfəri çərçivəsində Naftalan şəhərində də olub.

İlk olaraq Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, abidənin önünə gül-çiçək dəstələri qoyulub.
Səfər çərçivəsində Kamal Abdullayev Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədovla birlikdə Cümə məscidində olub. Dindarlarla söhbət edilib, onlara Dövlət Müşaviri tərəfindən mültikulturalizmlə bağlı kitablar və jurnallar təqdim olunub.

 

 

Tarix: 09.07.2016

Son xəbərlər