Bilik Fondunda “Əsrin müqaviləsi”nin ildönümü qeyd olundu


“Əsrin müqaviləsi”nin imzalanmasından 22 il ötür. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında  Bilik Fondunda alimlərlə Fondun əməkdaşlarının və Könüllülər Birliyi üzvlərinin görüşü keçirilib.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qonaqları salamlayaraq qeyd edib ki, Fond mütəmadi olaraq əhalinin maarifləndirilməsinin effektivliyinin artırılması məqsədi ilə tədbirlər keçirir. Növbəti görüş də məhz bu ənənənin davamıdır.İcraçı direktor qonaqlara Azərbaycanın neft sənayesinin tarixi və müasir dövrdə inkişafı barədə ətraflı məlumat verib. Əsrin müqaviləsinin imzalanmasında Ümummilli lider Heydər Əliyevin rolunu xüsusilə vurğulayan O.Səmədov Azərbaycan neftinin tarix boyu dünya iqtisadiyyatına və energetikasına verdiyi töhfədən danışıb.  

Bilik Fondunun Aparat rəhbəri, professor İsaxan Vəliyev 22 il əvvəl Bakıda “Gülüstan” sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənməsi və "məhsulun pay bölgüsü" haqqında “Əsrin müqaviləsi”nin imzalandığını xatırladaraq  onun tarixi, siyasi və beynəlxalq əhəmiyyəti haqqında söhbət açıb. "Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin 13 ən nüfuzlu neft şirkətinin iştirak etdiyini vurğulayan İ.Vəliyev bu müqavilənin sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdığını, bununla da beynəlxalq aləmdə ölkəmizin təhlükəsizliyinin təminatının daha da etibarlı olduğunu deyib.

Sonra hüquq üzrə elmlər doktoru Fazil Zeynalovun Fransa və Kanadada ingilis dilində nəşr olunan “Azərbaycan neft və qaz ehtiyatları: ölkənin regional enerji həbinə çevrilməsi" kitabı tədbir iştirakçılarına  təqdim olunub.

F.Zeynalov kitabın yazılma zərurətindən danışıb, Azərbaycanın neft strategiyasının ölkənin inkişafında faydasından söz açıb. Müəllif bildirib ki, kitabda Azərbaycanın neft tarixindən başlayaraq, qara qızılın xalqın iqtisadi və ölkənin siyasi inkişafındakı danılmaz rolu xronoloji ardıcıllıqla əksini tapıb.

AMEA Fəlsəfə institutunun əməkdaşları hüquq üzrə fəlsəfə doktoru Rauf Qarayev, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Ata Babayev və Azərbaycan Respublikasının Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Turab Qurbanov Azərbaycanın neft strategiyasının uğurları barədə söhbət açıb, “Azərbaycan neft və qaz ehtiyatları: ölkənin regional enerji həbinə çevrilməsi" kitabının məhz xarici dildə dərc olmasının üstünlüklərini diqqətə çatdırıblar. Kitabın neft sahəsində xarici dildə işıq üzü görən ilk nəşr olduğu vurğulanıb.

Kitabın müəllifi F.Zeynalov təqdimat mərasimində iştirak edən tələbələrin suallarını cavablandırıb.

Azərbaycan Respublikasının Prezidenti yanında 

Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 20.09.2016

Son xəbərlər