Nərimanov rayonunda Beynəlxalq Tolerantlıq günü münasibətilə tədbir keçirildi


Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatında 16 noyabr – Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova 2016-cı ilin ölkə Prezidentinin Sərəncamı ilə “Multikulturalizm ili” elan edildiyini xatırladaraq, Azərbaycanda uğurla həyata keçirilən multikulturalizm siyasətindən danışıb və ölkəmizin müasir dünyada tolerantlıq məkanına çevrildiyini vurğulayıb.

Müxtəlif xalqların rayon ərazisində yaşayan və çalışan nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə YAP Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Sərxanbəy Xudiyev, Azərbaycan Kooperasiya Universitetinin kafedra müdiri Nizami Məhərrəmov məruzələrlə çıxış edib, Azərbaycanın multikulturalizm modelinin tədqiqi, tədrisi və təbliği ilə bağlı fikirlərini bölüşüblər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə 25 dildə işıq üzü görmüş ““Kitabi-Dədə Qorqud”. Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitab dəsti və Azərbaycanda ilk dəfə nəşr olunan “Multikulturalizm” jurnalı Bilik Fondu tərəfindən YAP Nərimanov Rayon Təşkilatının kitabxanasına hədiyyə edilib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 07.11.2016

Son xəbərlər