Tolerantlıq gününə həsr olunmuş silsilə tədbirlər keçirilir


Müxtəlif dini konfensiyalara, irqi və milli mənsubiyyətə malik insanlar arasında münasibətlərin tənzimlənməsində, xalqlar arasında dostluğun və birgəyaşayışın qorunub saxlanmasında tolerantlıq və multikultural dəyərlər mühüm rol oynayır. Ölkəmizdə ta qədimdən mövcud olan multikulturalizm və tolerantlıq artıq dövlət siyasəti səviyyəsinə qaldırılıb və bu, Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətidir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi  ölkəmizdəki bütün xalqların qədimdən multikultural ənənələrin hakim olduğu mühitdə mehriban yaşadığını bir daha sübut edir.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və yerli İcra Hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə 16 noyabr – Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə ölkə ərazisində silsilə tədbirlər keçirilir. 

Dövlət müşaviri Kamal Abdullayev Bilik Fondu və Multikulturalizm Mərkəzinin əməkdaşları ilə Beynəlxalq Tolerantlıq Günü ərəfəsində silsilə mühazirələrə hazırlıqla bağlı keçirilən müşavirədə bildirib ki, bütün sahələrdə olduğu kimi, multikulturalizm siyasətində də ölkə prezidentinin qoyduğu hədəflərə doğru inamla irəliləmək uğurlu gələcəyin təminatıdır. Azərbaycanda normal tolerant mühit var, burada müxtəlif xalqların nümayəndələri, fərqli dinlərə mənsub insanlar eyni hüquqa malikdir və əsrlərdir qardaşlıq, dostluq şəraitində yanaşı yaşayırlar. Onun sözlərinə görə, Azərbaycanın multikulturalizm modeli dünyada qəbul edilir və öyrənilir. “Azərbaycanın ədəbiyyatı, mədəniyyəti, dünyaya baxışı sevgi üzərində qurulub. Bu da bizim tolerantlığımızın göstəricisidir”.

Noyabrın 8-dən başlayaraq Azərbaycanın bütün bölgələri əhatə olunmaqla 70-dən çox şəhər və rayonda, o cümlədən Bilik Fondunun təşkilatçılığı ilə yaradılmış Qax, Oğuz, Nardaran, İsmayıllı, Şəmkir Bilik evlərində Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar silsilə tədbirlər keçirilir.

Tədbirlərdə Azərbaycanın tanınmış alim və mütəxəssisləri, Milli Məclisin üzvləri, dini və milli icmaların nümayəndələri tədbir iştiraklçılarına tolerantlıq anlayışı, tolerant mühiti formalaşdıran amillər, tarixən Azərbaycan ərazisində mövcud olan birgəyaşayış qaydaları barədə ətraflı məlumat verirlər. Bir daha bildirilir ki, Azərbaycanda hər zaman bütün dinlərə və fərqli mədəniyyətlərin daşıyıcılarına eyni qayğı ilə yanaşılıb. Buna ölkəmizdə milli, irqi və dini zəmində münaqişələrin, qarşıdurmaların olmaması da əyani sübutdur. 

Milli Məclisin üzvləri Sona Əliyeva Şəmkir Bilik evində, Aydın Mirzəzadə Səbail Rayon İcra Hakimiyyətində, Rəfail Cəbrayılov Nizami rayonunun, Fuad Muradov Xətai rayonunun, Mixail Zabelin Qaradağ rayonunun, Elşad Həsənov Yasamal rayonunun Heydər Əliyev mərkəzlərində, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Nardaran Bilik evində yerli əhali ilə görüşüblər. AMEA-nın alimləri Mətləb Mahmudov Tərtər rayonunun, İlham Məmmədzadə Sumqayıt şəhərinin, Elsevər Səmədov Ucar rayonunun, Radif Mustafayev Yardımlı rayonunun, Nazim Əliyev Neftçala rayonunun, Sənan Həsənov Göyçay rayonunun Heydər Əliyev mərkəzlərində Beynəlxalq Tolerantlıq Günü ilə bağlı mühazirələr deyiblər.

İnteraktiv formada keçən mühazirələrdə məktəblilər, müəllimlər və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Beynəlxalq Tolerantlıq Günü ərəfəsində ölkəmizin bütün bölgələrində belə maarifləndirici tədbirlər davam etməkdədir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru 

Tarix: 12.11.2016

Son xəbərlər