Bilik Fondu ilə uşaq yazarı kitabxanaları görüşdürdü


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu məktəblilərin payız tətili günlərində SOS Uşaq kəndində olub. Fondun “İmzalı görüş” layihəsi çərçivəsində SOS Uşaq kəndində növbəti “Qiraət saatı” təşkil edilib. Bu dəfə uşaq yazarı Mehriban Nağıyeva balaca oxucularına öz nağıllarını oxuyub. Onun qiraətinə maraqla qulaq asan uşaqlar özləri də yazara müxtəlif müəlliflərin şeirlərini söyləyib, nağıllar danışıblar. Yaxşı qiraəti olan uşaqlara Mehriban Nağıyevanın nağıllarından ibarət kitablar hədiyyə edilib.

Bu dəfə Bilik Fondunun “Qiraət saatı”na  AMEA-nın Mərkəzi Elmi Kitabxanası da qoşulub. Kitabxana uşaqlara azərbaycan nağıllarından, dünya ədəbiyyatı seçmələrindən ibarət sovqatla qonaq olub. Fondun təşkilatçılığı ilə  MEK-nın və Mehriban Nağıyevanın hədiyyə etdiyi kitablar SOS Uşaq kəndində yerləşən 14 ailənin şəxsi kitabxalarına və ümumi kitabxanaya bağışlanıb.

Tədbirin sonunda  uşaqlar vətənpərvərlik mövzusunda, anaya, dostluğa aid mahnılar, şeirlər  ifa ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun

İnformasiya Təminatı sektoru

Tarix: 17.11.2016

Son xəbərlər