Bilik Fondunun könüllüləri Avropa Oyunları könüllüləri ailəsinə qoşulub


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yarandığı gündən təkcə paytaxtda deyil, bütün ölkə ərazisində fəal maarifçilik tədbirləri həyata keçirir, ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənətinin təbliği ilə bağlı bir-birindən maraqlı layihələr reallaşdırır. Bu səbəbdən də artıq Fondun 2014-cü ildə təsis olunan Könüllülər Birliyi üzvlərinin sayı üç minə qədərdir. Azərbaycanın bütün rayonlarından olan gənclər Bilik Fondu Könüllülərinin sıralarını genişləndirməkdə davam edir. 

Bilik Fondunun Könüllülər Birliyinin hər bir üzvü qatıldıqları bütün ictimai tədbirlərdə, fəaliyyətlərinin hər bir sahəsində ölkə prezidenti İlham Əliyevin könüllərə müraciətini rəhbər tutur: “Gənclər bizim gələcəyimizdir. Siz gələcəkdə Azərbaycanı idarə edəcəksiniz. Azərbaycanın uğurlu inkişafı sizdən asılı olacaqdır. Ona görə siz gənclər bilikli, savadlı olmalısınız. Bu gün dünyada hər şeyi bilik, savad həll edir. Hətta ölkələrin gücünü, potensialını indi bilik, savad həll edir. Texnoloji, elmi tərəqqi haradadırsa, inkişaf da oradadır. İntellektual cəhətdən böyük imkanlara malik olan ölkələr dünyada da öz mövqelərini möhkəmləndirirlər. Ona görə də bilik, savad hər bir gənc üçün - həm onun özü, həm də cəmiyyət üçün çox önəmlidir. Eyni zamanda, bizim gənclərimiz Vətənə bağlı, vətənpərvər olmalıdırlar və mən şadam ki, bu, belədir. Bizim gənclərimiz əsl vətənpərvər gənclərdir”. 

Kimdir könüllü? Heç bir maddi mənafe gözləmədən bacarıq, zaman və təcrübəsini, öz istəyi ilə, hər hansı bir ictimai təşəbbüs üçün istifadə edən vətənpərvər! Bilik Fondunun Könüllülər Birliyinin üzvləri bu gün Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarında yaxından iştirak edirlər. Könüllülər bu tarixi hadisənin ölkəmiz üçün önəmini və dəyərini anlayaraq bu nəhəng idman bayramının təşkil olunmasında fəxrlə və qürurla çalışırlar.

Ölkə başçısının inamı və etibarı onları daha da ruhlandırır: “Azərbaycan Avropanı qəbul etməyə hazırdır. Əminəm ki, dünya miqyasında ən gözəl Oyunları biz keçirəcəyik”.

Tarix: 10.06.2015

Son xəbərlər