Bilik Günü ərəfəsində Bilik Fondu kitab payladı


Bilik Günü ərəfəsində Suraxanı rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin birgə təşəbbüsü ilə “Kitab aləmi” adlı kitab sərgisi və yarmarkası keçirilib.
Sərgi-yarmarkada Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək kitabın gənc nəslin formalaşmasında, onların dünyagörüşünün inkişafında rolundan danışıb, onlara daima mütaliə etməyi məsləhət görüb.
Millət vəkili Sevinc Fətəliyeva kitabla bağlı tədbirlərin keçirilməsinin əhəmiyyətindən söhbət açıb və belə yarmarkaların tez-tez təşkil olunmasının vacibliyini vurğulayıb. Tədbirdə Suraxanı rayonu üzrə millət vəkili Fərəc Quliyev, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri də iştirak ediblər. 
Yarmarkanın məqsədi gənclərdə və məktəblilərdə qiraətə, klassik və müasir ədəbiyyata, eləcə də dünya ədəbiyyatına maraq yaratmaqdır.
Bilik Fondunun əməkdaşları “Kitab aləmi” yarmarkasında Fondun “Ev kitabxanası” layihəsi çərçivəsində tədbir iştirakçılarına 55 adda pulsuz kitab paylayıblar. Bu təşəbbüs tədbir iştirakçılarının marağına səbəb olub.
Tədbirə “Əli və Nino” kitab evi, “Qanun”, “Qədim Qala”, “Xəzər”, “Bərəkət”, “Parlaq imzalar” nəşriyyat evləri, “Starbook group” tərəfdaş kimi qatılıblar və tədbirdə onların çap etdiyi kitablar endirimlə satışa çıxarılıb.

Tarix: 03.09.2015

Son xəbərlər