Gənc millət vəkili Bilik Fondu könüllüləri ilə görüşdü


Sona Əliyeva: “Dünyagörüşü geniş olan savadlı insanın qəlbi daim Vətən sevgisi ilə döyünər”

 “İndiki mərhələyə gəlib çıxmağım könüllülük fəaliyyətimdən başlayıb. Yeniyetmə yaşlarımdan cəmiyyətin inkişafı naminə hər işdə həvəslə, səylə çalışmışam. İnsan qarşısına qoyduğu məqəsədə mütləq çatır. Əgər o məqsəd alidirsə, mükafatlanacağın, dəyərləndiriləcəyin mütləqdir”.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Könüllüləri ilə görüşündə Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru, millət vəkili Sona Əliyeva bildirb.

Martın 5-də Bilik Fondunun qonağı olan millət vəkilini uğurlu gənclik nümunəsinin  təmsilçisi kimi təqdim edən Fondun icraçı direktoru Oktay Səmədov könüllülərə bu örnəkdən yararlanmağı tövsiyə edib. Görüşdə keçdiyi həyat yolundan, yüksəldiyi karyera pillələrindən  danışan S.Əliyeva müəllim, icra hakimiyyətinin rəsmisi, Şəmkir Heydər Əliyev Mərkəzinin rəhbəri, millət vəkili kimi mötəbər vəzifələrə yüksəlməsini  özünün bilik və bacarığını könüllü olaraq tətbiq etməsi ilə əlaqələndirib.  

İnsanın düşüncələrindən ibarət olduğunu vurğulayan millət vəkili xeyirli əməllər sahibi olmaq üçün mütaliə mədəniyyətinə yiyələnməyin vacib şərt olduğunu diqqətə çatdırıb: “Milli-mənəvi dəyərlərimizi qorumaq bizim borcumuzdur. Dünyanın qlobollaşması əsrlərdən süzülüb gələn, xalqımızı bütöv varlığa çevirən ənənələrimizə təhlükə ola bilər. Bu təhlükənin qarşısını savadlanmaqla almaq mümkündür. Dünyagörüşü geniş olan savadlı insanın qəlbi daim Vətən sevgisi ilə döyünər”.

2 fevral Gənclər günü iaşə xidməti sahəsində çalışanlar arasında keçirilən “Ev kitabxanası” layihəsinin "Oxuyaq - oxudaq" kitabpaylama aksiyasında iştirak edən könüllülərə S.Əliyeva ilə görüşdə Bilik Fondunun təşəkkürnamələri təqdim olunub.

8 mart Beynəlxalq Qadınlar bayramı ərəfəsində xanım millət vəkilinə göstərilən diqqətə görə, Fondun rəhbərliyinə minnətdarlığını bildirən S.Əliyeva Şəmkirin tarixi ilə əyani şəkildə tanış olmaları üçün könüllüləri təmsil etdiyi bölgəyə qonaq çağırıb.

Ötən həftə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Şəmkir Heydər Əliyev Mərkəzi arasında əməkdaşlıq barədə Niyyət Protokolu imzalanıb. 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

 

Tarix: 07.03.2016

Son xəbərlər