Bilik Fondunun seçki maarifləndirməsinə MSK-dan dəstək


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək 5-ci çağırış seçkiləri ilə bağlı maarifləndirmə tədbirlərini davam etdirir. Bu qəbilli növbəti görüşlərdən biri Azərbaycan Müəllimlər İnstitutunda təşkil edilib.

Tədbiri İnstitutun prorektoru Rəşad Sadıqov açaraq Bilik Fondunun seçklərlə bağlı keçirdiyi maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb, seçkilərdə fəallıq göstərməyin hər bir vətəndaşın, o cümlədən hər gəncin vətəndaşlıq borcu olduğunu vurğulayıb.

Mərkəzi Seçki Komissiyası katibliyinin hüquq şöbəsinin baş məsləhətçisi İlkin Şahbazov tələbələrə beynəlxalq hüquq normaları səviyyəsində qəbul olunmuş müasir demokratik cəmiyyət üçün vacib dəyərlərdən biri hesab olunan seçki hüququ barədə məlumat verib. Bunun cəmiyyət üçün çox böyük əhəmiyyəti olduğunu deyən natiq şəffaf seçki prosesinin bütöv ölkə üçün əhəmiyyətindən danışıb. Hüquqşünas gəncləri öz seçki hüquqlarından fəal istifadə etməyə çağıraraq, əlavə edib ki, sizin çiyinlərinizə ağır bir missiya düşür, sizdən sonra gələn gənc nəslə də mənimsədiyiniz məsuliyyəti - əsil vətəndaş olmağı ötürməlisiniz.

Tədbirdə institutun müəllim və tələbə heyəti iştirak edib. Sonda İlkin Şahbazov tələbələrin seçki ilə bağlı müxtəlif suallarını cavablandırıb.

Tarix: 24.10.2015

Son xəbərlər