Ağdaşda Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş “Azərbaycan Tolerantlıq nümunəsidir” mövzusunda dəyirmi masa keçirilib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Ağdaş rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağdaş Rayon Heydər Əliyev Mərkəzində 16 noyabr – Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş “Azərbaycan Tolerantlıq nümunəsidir” mövzusunda dəyirmi masa keçirilib.

Bilik Fondunun mühazirəçisi, Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris-metodiki mərkəzinin direktor müavini, hüquq üzrə fəlsəfə doktoru, dosent Oruc Məmmədov “Dövlət orqanlarında tolerantlıq prinsiplərinin həyata keçirilməsinin hüquqi təminatları”adlı geniş məzmunlu məruzə ilə çıxış edib. O.Məmmədov qeyd edib ki, demokratik vətəndaş cəmiyyəti quruculuğu, informasiya cəmiyyətinin inkişafı, insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət idarəetmə sisteminin əsaslı şəkildə dəyişdirilməsini, bu sahədə məqsədyönlü islahatların davamlı olaraq həyata keçirilməsini zəruri edir.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu islahatlar müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

O.Məmmədov onu da vurğulayıb ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akdemik K.M.Abdullayevin multikulturalizm və tolerantlıq prinsiplərinin hüquqi mahiyyətini özündə ehtiva edən dəyərli mülahizələri böyük maraq kəsb edib.

Tolerantlığı müxtəliflikdə harmoniya kimi dəyərləndirən natiq onun sülhün əldə olunmasına, bilik, ünsiyyət, fikir, vicdan və etiqad azadlığına imkan yaradan xüsusiyyətlərindən söhbət açıb.

Məruzə tədbir iştirakçılarının marağına səbəb olub və geniş müzakirə edilib, mühazirəçiyə ünvanlanan suallar cavablandırılıb.

Dəyirmi masada Ağdaş rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin və rayon ictimaiyyətinin nümayəndələri, Qafqaz Müsəlmanları İdarəsini bölgə qazisi iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 11.11.2016

Son xəbərlər