Bilik Fondu Qusarda “Azərbaycan ədəbiyyatında Qusar mövzusu” kitabının təqdimatını keçirib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Qusar şəhər Mərkəzi kitabxanasının iclas zalında Qusarda yaşayıb yaradan tanınmış şair, jurnalist, tərcüməçi və publisist Həsən Xasıyevin yenicə işıq üzü görmüş  “Azərbaycan ədəbiyyatında Qusar mövzusu”kitabının təqdimatını keçirib.

Fondun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla rayon ictimaiyyəti nümayəndələrini salamlayıb, təmsil etdiyi qurumun kitab təbliği sahəsində maarifçilik fəaliyyəti, “Multikulturalizm ili” çərçivəsində bölgələrdə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. 
O, H.Xasıyevin ömür yolu, yaradıcılığı, sözügedən gedən kitabın dəyəri barədə danışaraq bildirib ki, təqdimat Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin tövsiyəsi, rayon icra hakimiyyətinin başçısı Şair Alxasovun şəxsi dəstəyi ilə təşkil olunub.

Bölgənin ağsaqqal ziyalıları; Azərbaycan Yazıçılar Birliyinin üzvləri, şair-publisist Hacıbala Qaflanov, pedaqoji elmləri namizədi, şair Möhübbət Həsənov,  mərkəzi kitabxananın direktoru Zahir Mustafayev on kitabın müəllifi olan Həsən Xasıyevin yaradıcılıq yolu, son kitabının məziyyətləri, Azərbaycan ədəbiyyatının zənginləşməsində ləzgi şair və yazıçılarının töhfələrindən danışıblar. Çıxışlarda kitabın dəyərli tədqiqat əsəri olduğu faktlarla vurğulanıb. Məktəblilərin, yerli şairlərin ifasında Azərbaycan və ləzgi dillərində şeirlər oxunub.

“Qızıl qələm”, “Araz” mükafatçısı H.Xasıyev ona və yaradıcılığına göstərilən diqqətə görə Dövlət müşaviri akademik Kamal Abdullayevə, Bilik Fondunun və rayon icra hakimiyyətinin rəhbərliyinə, tədbir iştirakçılarına minnətdarlığını bildirib, gələcək yaradıcılıq planlarından danışıb, şeirlərini oxuyub, suallara cavab verib.

Tədbir iştirakçıları Həsən Xasıyevin yaradıcılıq yolunu əks etdirən kitab və məqalələrin sərgisi ilə tanış olublar,  xatirə şəkilləri çəkdiriblər.

Tarix: 19.11.2016

Son xəbərlər